“Belə faktlar yetərincədir”…
“Belə faktlar yetərincədir”.
“Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” məqaləsində dünyanın geosiyasi güclərinin vətəndaş cəmiyyəti institutları vasitəsilə müxtəlif dövlətlərin “mədəni” işğalı məqsədi ilə həyata keçirdiyi çoxşaxəli siyasət hərtərəfli, mükəmməl analiz edilib”.
Oxu.Az xəbər verir ki, bu sözləri Trend-ə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib.
Məqalədə toxunulan məsələlərin obyektiv gerçəklik olduğunu bildirən Şura sədri göstərilən faktlarla tamamilə razı olduğunu bildirib.
A.Quliyevin sözlərinə görə, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarına dövlət qayğısının, bu sahəyə ayrılan maliyyənin həcminin hər il artırılmasına baxmayaraq, hələ də bir sıra xarici dövlətlərin maraqlarının ifadəçisi missiyasından əl çəkməyən, milli təhlükəsizliyimizə təhlükə törədə biləcək fəaliyyətlərin obyekti olan QHT-lər mövcuddur: “Prezident Administrasiyasının rəhbəri haqlı olaraq məqalədə qeyd edir ki, ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu sahəsində Azərbaycan hökuməti davamlı siyasət həyata keçirir. 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılıb. Şuranın yerli QHT-lərə müxtəlif mövzu istiqamətləri üzrə ayırdığı maliyyənin həcminin ötən illər ərzində artım dinamikası da bu siyasətin göstəricisidir. Belə ki, 2008-ci ildə Şura tərəfindən yerli QHT-lərin layihələrinə 1.2 milyon manat vəsait ayrılmışdısa, 2014-cü ildə bu rəqəm 4 milyon manat olub. Məqalədə göstərildiyi kimi, Şura 2008-ci ildə insan hüquqları və demokratiya sahəsində 20 layihəyə 166 min manat məbləğində maliyyə ayırmışdısa, artıq 2013-cü ildə belə layihələrin sayı 46-ya, onların büdcəsinin ümumi həcmi isə 543 min manata çatıb. Bütün bunlar Azərbaycan dövlətinin demokratik dəyərlərin, insan hüquqlarının təminatı, xüsusilə vətəndaş sektorunun inkişafı sahəsində nümayiş etdirdiyi siyasi iradənin nəticəsidir”.
Şura sədri qeyd edib ki, hələ də xarici donorların bir sıra QHT-lərə nağd pul verməsi, onları Azərbaycanın beynəlxalq aləmdəki imicini ləkələməyə xidmət edən hesabatlar hazırlamağa, dövlətin konstitusion quruluşunu zorakılıqla dəyişmək istiqamətində fəaliyyətə sövq etməsi kimi çoxsaylı hüquqazidd halların mövcudluğu təəssüf doğurur: “Belə faktlar yetərincədir və heç kimə sirr deyil ki, “beşinci kolon”a çevrilən bu cür qurumlar Qərb dairələrinin siyasi maraqlarının ifadəçiləridir”.
A.Quliyevin sözlərinə görə, R.Mehdiyevin məqalədə qeyd etdiyi çoxsaylı faktlar bu durumu tam çılpaqlığı ilə aşkara çıxardır: “Misal üçün “Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi” İctimai Birliyi bir neçə il ərzində xarici donorlardan 9 qrant sazişi üzrə təqribən 358 min manat alıb. Lakin qanunvericiliyimizin tələbləri pozularaq bu sazişlərdən yalnız ikisi qeydiyyata alınmaq üçün Ədliyyə Nazirliyinə təqdim edilib. “Sülh və Demokratiya İnstitutu”nun fəaliyyəti haqqında da eyni fikirləri söyləmək olar. Bu institutun rəhbəri Leyla Yunus “Azərbaycan qadınları Qafqazda sülh və demokratiya uğrunda” QHT-nin təsisçisi olmadığı halda məhz bu təşkilatın hesablarından müxtəlif valyutalarda iri məbləğlər çıxararaq onlardan şəxsi məqsədləri üçün istifadə edib. Yalnız təəssüflənmək olar ki, xarici QHT-lərin Azərbaycandakı filialları və nümayəndəlikləri çox vaxt milli qanunvericiliyin tələblərini və beynəlxalq hüquq normalarını pozurlar”.
Şura sədri Prezident Administrasiyasının rəhbəri, akademik R.Mehdiyevin məqaləsini bəzi QHT və donorlara ciddi nəticə çıxarmaları üçün vacib xəbərdarlıq kimi qiymətləndirib.