“Azerspace 1” peyki 2016-cı ildən öz-özünü maliyyələşdirməyə keçəcək

Nazir bu il üçün İKT sahəsinin hədəflərini açıqladı…

Nazir bu il üçün İKT sahəsinin hədəflərini açıqladı.

2013-cü ilin fevralında orbitə buraxılmış “Azerspace 1” peyki artıq 2016-cı ildən öz-özünü maliyyələşdirməyə keçməlidir. 

Oxu.Az-ın məlumatına görə, bu barədə jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib. 

“Əgər peyk 2013-cü ilin altı ayında verilən kreditlərin 50%-ni ödəyibsə, indi bu rəqəm 75% təşkil edir. Gələn il isə artıq peyk öz xərclərini ödəyərək gəlir vermə rejiminə keçəcək”, nazir deyib. 

İKT sahəsində qarşıda duran vəzifələrdən danışan nazir qeyd edib ki, 2015-ci ildə əsas məqsəd istehsalın genişləndirilməsidir. 

“İndiyə qədər bu sahədə infrastruktur layihələri həyata keçirilirdi. 2015-ci ildə və bundan sonrakı illərin əsas məqsədi isə yüksək texnologiyalar sahəsində istehsal sahəsini genişləndirməkdir. 

Əsas məqsəd istehsal olunan məhsul və xidmətlərin ixracyönümlü tərəfini təmin etməkdir. Bu istiqamətdə biz artıq son 2 ildə hüquqi bazanı, işgüzarlıq mühitini, maliyyə resurslarının əldə olunması üçün şərtlərin həyata keçirilməsini təmin etmişik. Demək olar ki, biz yarım ildir ki, bu istiqamət üzrə böyük şirkətlərlə danışıqlar aparırıq”, – Əli Abbasov bildirib. 

BMT tərəfindən də dəstəklənmiş TASİM layihəsi barədə danışan nazir deyib ki, layihənin Xəzərin şərq sahilinə keçməsi üçün Qazaxıstanla razılıq əldə olunub. 

“Yəqin ki, bu ilin birinci yarısında müqavilə bağlanacaq və ilin axırında artıq bu layihə üzrə işləri həyata keçirməyə başlayacağıq”, o qeyd edib.     

www.oxu.az