Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsini BMT-nin Təhlükəsizlik Şurası (TŞ) çərçivəsində qaldıra bilər.
“TŞ-nin beş daimi üzvündən üçü – ABŞ, Rusiya və Fransa ATƏT-in Minsk qrupunun həmsədrləridir. Təbii ki, BMT TŞ-də Dağlıq Qarabağ münaqişəsi məsələsini qaldırmazdan əvvəl biz bunu onlarla müzakirə edəcəyik “, – bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycanın bu strukturun qeyri-daimi üzvü qismində hər hansı bir təşəbbüs irəli sürmə imkanlarını şərh edərkən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır… Trend.