MDB iştirakçısı olan Ermənistan Azərbaycana qarşı təcavüz törədir, ərazilərin 20 faizinin işğalını davam etdirir. İşğal nəticəsində bir milyon qaçqın və məcburi köçkün yaranıb. Bunu Azərbaycanın Baş naziri Artur Rasizadə Ermənistan Prezidenti Serj Sarkisyanın çıxışını şərh edərkən bildirib. Trend-in məlumatına görə, xəbəri RİA-Novosti yayıb.
“Tərəflərdən biri – MDB iştirakçısı digər ölkəyə təcavüz edir, ərazilərin 20 faizini işğal edir. Bu işğal nəticəsində bir milyon qaçqın və məcburi köçkün yaranıb. Mən bu gün yubiley iclasının əhval-ruhiyyəsini pozmaq istəməzdim, lakin Ermənistan Prezidentinin Dağlıq Qarabağda vəziyyətə dair çıxışı məni bunavadar etdi “, – Rasizadə deyib.
Onun sözlərinə görə, ağır və uzanan münaqişənin nizamlanması məsələsində Ermənistanın qeyri-konstruktiv mövqeyi MDB sammitində bir daha nümayiş olundu.
Rasizadə əlavə edib ki, Azərbaycan bundan sonra da ATƏT-in Minsk qrupunda fəal iştirak edəcək və “bu məsələnin beynəlxalq hüquq çərçivəsində dinc yolla və ədalətli həlli ” ümidi ilə digər təşəbbüsləri də dəstəkləyəcək.
Bununla yanaşı, Azərbaycanın Baş naziri ATƏT-in Minsk qrupuna, eləcə də RF Prezidenti Dmitri Medvedevə münaqişənin nizamlanmasında göstərdiyi səylərə görə minnətdarlığını bildirib… Trend.