Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş katibi Talib Rifai Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində mədəni və turizm obyektlərinin məhv edilməsinə münasibət bildirib.
Trend-in məlumatına görə, Rifai cərşənbə günü jurnalistlərə bildirib ki, ÜTT-nin əsas vəzifələrindən biri dünya üzrə mədəni, tarixi irsin qorunması üçün təbliğat aparmaqdır.
“Bizim fikrimizcə, hansısa ölkədə mədəni və ya tarixi abidə həmin ölkəyə, xalqa məxsus deyil. O, ümumbəşəri bir dəyərdir. Ona görə də, biz çalışırıq ki, həmin mədəni və ya tarixi abidələrlə bağlı hansısa problemlər yaranmasın “, – baş katib əlavə edib.
Rifai Dağlıq Qarabağın turizm imkanları ilə tanış olmaq üçün həmin bölgəyə nə vaxtsa səfər edəcəyinə ümid bəslədiyini deyib.
O yaxın zamanlarda Dağlıq Qarabağ münaqişəsinin həll ediləcəyinə ümidvar olduğunu bildirib.
“Biz BMT-nin xüsusi qurumu olaraq, bu problemlə bağlı BMT-nin digər qurumları, eləcə də dünya ictimaiyyətinin mövqeyini paylaşırıq. Ümid edirik ki, bu problem tez bir zamanda hər bir tərəfin maraqlarına uyğun şəkildə həll ediləcək “, – baş katib qeyd edib… Trend.