Dağlıq Qarabağda yaşayacaq azərbaycanlılar və ermənilər yaşayış qaydalarını birgə müzakirə etməlidirlər

Dağlıq Qarabağda birgə yaşayacaq azərbaycanlılar və ermənilər yaşayış qaydalarını birgə müzakirə etməlidirlər. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.
Muradova deyib ki, icmaların görüşündə əsas məqsəd o insanların Azərbaycan vətəndaşı olaraq gələcəkdə birgə yaşayış qaydalarının birgə müzakirə edilməsidir.
“Onlar bunu necə gördüklərini, necə təsəvvür etdiklərini müzakirə etməli, regionun idarə olunması ilə bağlı fikir mübadiləsi aparmalıdırlar, aralarında olan inamsızlığın aradan qaldırılması üçün tədbirlər görməlidirlər “, – vitse-spiker bildirib.
O qeyd edib ki, ATƏT Parlament Assambleyasında Dağlıq Qarabağ məsələsi müzakirə olunarkən icmaların görüşlərinin keçirilməsi ideyasını irəli sürmüşdü.
Muradova hesab edir ki, icmaların görüşlərinin keçirilməsinin təşəbbüskarı kimi daha çox beynəlxalq və regional qeyri-hökumət təşkilatların çıxış etməsi daha məqsədəuyğun olardı… Trend.