“Azərbaycan heç bir dövlətə qarşı düşmənçilik siyasəti həyata keçirməyib”…
“Azərbaycan heç bir dövlətə qarşı düşmənçilik siyasəti həyata keçirməyib”.
Azərbaycan ilə Rusiya arasında mövcud olan münasibətlərin inkişaf etməsi tərəflər üçün xüsusi əhəmiyyətə malikdir.
Oxu.Az xəbər verir ki, bunu SalamNews-a Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.
O bildirib ki, Azərbaycanın Rusiya ilə münasibətləri inkişaf etdirmək istəməsindən Ermənistanın narahat olmasına yalnız bu ölkənin hakimiyyət dairələri cavab verə bilərlər. Çünki, bu ölkə bölgədə təcavüzkar siyasət həyata keçirdiyi və özgə torpaqlarını işğalda saxladığı üçün təcrid vəziyyətinə salınıb. Buna görə də yaranmış vəziyyətdən istifadə edərək, Rusiyanın mövcud imkanlarından maksimum yararlanmağa çalışır. Bu da bəzi hallarda rəsmi Moskva tərəfindən loyallıqla qarşılanır.
Onun sözlərinə görə, Ermənistan həmişə Azərbaycanın təkcə Rusiya ilə deyil, digər ölkələrlə də qurduğu ikitərəfli münasibətlərə mane olmağa çalışıb:
“Ancaq başa düşmür ki, bu düşmənçilik siyasəti sonradan onun əleyhinə və dünyadan təcrid olunmasına yönəlir. Biz isə dəfələrlə bəyan etmişik ki, Azərbaycan heç bir dövlətə qarşı düşmənçilik siyasəti həyata keçirməyib. Amma bizə qarşı düşmənçilik siyasəti həyata keçirənlər, ölkəmizdə bütün sahələrdə baş verən inkişafdan və qonşu dövlətlərlə qurduğu münasibətlərdən həmişə narahat olublar. Bunu aradan qaldırmaq üçün yalnız bir yol var. Bu yol Ermənistanı bu siyasətindən əl çəkməyə vadar etməkdir və biz buna nail olacağıq.”