Bakıda Azərbaycan İnvestisiya Forumu keçiriləcək

Tədbirdə “Bakı-2015” Avropa Oyunlarının icraçı direktoru çıxış edəcək…

Tədbirdə “Bakı-2015” Avropa Oyunlarının icraçı direktoru çıxış edəcək.

Martın 17-də Bakıda “The Economist Events”in təşkilatçılığı ilə Azərbaycan İnvestisiya Forumu keçiriləcək.

Oxu.Az xəbər verir ki, forumun işində bank, texnologiya, investisiya, istehsal, həmçinin təhsil sahələrinin nümayəndələri iştirak edəcək.

Forumda enerji sektoru, qeyri-neft sektorunun payının artırılması, innovasiyalar, sahibkarlıq, yeni iqtisadiyyat şəraitində texnologiya və telekommunikasiyaların rolu, təhsil, idman tədbirlərinə aid məsələlər müzakirə olunacaq.

Forum çərçivəsində Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, “PAŞA Bank”ın İdarə Heyətinin sədri Fərid Axundov, “Holcim” şirkətinin regional meneceri Horia Adrian, “Azərbaycan Yüksək Texnologiyalar Parkı”nın baş direktoru Seymur Ağayev, Avropa Yenidənqurma və İnkişaf Bankının baş iqtisadçısı Dmitri Qvindadze və ADA Universitetinin rektoru Hafiz Paşayev çıxış edəcəklər.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov “Bakı-2015” Avropa Oyunlarına həsr olunmuş məruzə ilə çıxış edəcək.

Bundan başqa, tədbirdə “Bakı-2015” Avropa Oyunlarının icraçı direktoru Saymon Kleqq və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edəcəklər.

“The Economist Events” strateji məsələlərin həlli üçün yeni ideyalar axtaran təşkilat rəhbərlərinin iştirakı ilə beynəlxalq tədbirlərin aparıcı təşkilatçısıdır.

www.oxu.az