“Ümid edirik ki, təcavüzkar Ermənistan nəhayət ki, öz işğalçı siyasətindən əl çəkəcək, konstruktiv mövqeyə gələcək, başa düşəcək ki, bu 20 ildə Ermənistan ziyanı özünə vurur “…
“Ümid edirik ki, təcavüzkar Ermənistan nəhayət ki, öz işğalçı siyasətindən əl çəkəcək, konstruktiv mövqeyə gələcək, başa düşəcək ki, bu 20 ildə Ermənistan ziyanı özünə vurur “. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
Ə.Həsənov bildirib ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamaqdan heç nə qazanmayıb. Azərbaycan Prezidentinin xarici siyasətindən biri bütün ölkələrlə, ilk növbədə qonşularla dostluq, mehribanlıq şəraitində əməkdaşlıq etməkdir: “Bizim də ətrafımızda dost, qardaş qonşularımız var – İran, Türkiyə, Rusiya, Gürcüstan. O cümlədən bu gün düşmən mövqeyində olan Ermənistan Azərbaycanın qonşusudur. Azərbaycanın işğal olunmuş torpaqları qonşuluqdadı, Ermənistan rəhbərliyi o torpaqları götürüb apara bilməz. Azərbaycan ilə Ermənistan qonşuluq etməyə məhkumdur. Biz bunu dərk edirik, amma çox təəssüflər olsun ki, Ermənistan rəhbərliyi bunu dərk etmir. Ermənistan xalqı bunu dərk edir. Biz bilirik ki, Ermənistan xalqı nə vəziyyətdədir, onlar gecə-gündüz gözləyirlər ki, bu münaqişə nə vaxt qurtaracaq və onlar da bir ağ günə çıxacaqlar. Ancaq Ermənistanın təcavüzkar, faşist rejimi bundan əl çəkmir “.
Baş nazirin müavini hesab edir ki, çünki onlar bu problem üzərində öz kapitallarını formalaşdırıblar və bu problemdən əl çəkən kimi onların da hakimiyyətinin sonu olacaq: “Ona görə, bundan əl çəkmək istəmirlər. Biz Türkiyə, Rusiya, Gürcüstan, İranla mehriban qonşuluq edirik. İndi növbə Ermənistanındır. Biz onlarla qonşuluq etmişik, etməyə də hazırıq. Zəhmət çəksinlər öz təcavüzkar mövqelərindən əl çəksinlər və onlar da bu qonşuluğa qoşulsunlar “.
/Trend/