Baş prokuror Azərbaycanda yol-nəqliyyat hadisələrinin istintaqı ilə bağlı göstəriş verib

2013-cü ildə 16 ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi açılmamış qalmışdır…

2013-cü ildə 16 ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi açılmamış qalmışdır.

Baş Prokurorluğunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə fevralın 7-də Baş Prokurorluqda prokurorluq orqanları tərəfindən 2013-cü ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş Kollegiya iclasında bildirilib.

Kollegiyada qeyd edilib ki, son illər aktuallığı və narahatlığı ilə diqqəti çəkən məsələlərdən biri də yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətləri və bu hadisələr zamanı ölən və yaralananların sayının yüksək olmasıdır.

2012-ci illə müqayisədə respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayı 102 min ədəd artaraq 2013-cü ilin sonuna təqribən 1 milyon 300 minə çatması fonunda yol-nəqliyyat hadisələrinin sayının 1,6 faiz, qəzalarda həlak olan şəxslərin sayının 0,3 faiz, yaralanların sayının isə 1,6 faiz azalması müşahidə edilmişdir.

2013-cü ildə 16 ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi açılmamış qalmışdır ki, bu da 2012-ci illə müqayisədə 7 hadisə və ya 30,4 % azdır. Açılmayan ölümlə nəticələnən yol-nəqliyyat hadisələrindən 6-sı Bakı şəhərində, 10-u isə respublikanın digər şəhər və rayonlarında qeydə alınmışdır.

Açılmamış ölümlə nəticələnən yol nəqliyyat hadisələri ilə bağlı istintaqı aparılan cinayət işləri Baş Prokurorluğun müvafiq idarələri tərəfindən öyrənilməklə müzakirələri aparılmış, cinayətlərin açılması istiqamətində Daxili İşlər Nazirliyi ilə zəruri tədbirlər davam etdirilir.

Baş prokurorun müavini-Respublika Hərbi prokuroru Xanlar Vəliyev, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Bakı şəhər prokuroru Əziz Seyidov, Laçın rayon prokuroru Ceyhun Almasov çıxışlarında 2013-cü il ərzində cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində müvafiq tabe struktur qurumlar tərəfindən görülmüş işlər barədə ətraflı məlumatlar verməklə, “Prokurorluq haqqında ” qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin daha da artırılması, prokurorluq orqanlarının işinin müasir məzmunda təkmilləşdirilməsi və mövcud çatışmazlıqların aradan qaldırılmasına yönəldilmiş konkret təkliflər irəli sürmüşlər.

Kollegiya iclasına yekun vuran Baş prokuror Zakir Qaralov Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2012-ci il tarixli “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında ” Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar yol-nəqliyyat hadisələrinin təhqiqatında və istintaqında, açılması təmin edilməmiş ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı əməliyyat-axtarış və istintaq hərəkətlərinin həyata keçirilməsində qanunların icrasına nəzarətin gücləndirilməsi, yol-nəqliyyat hadisələri ilə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı korrupsiya və digər sui-istifadə hallarına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsinin təmin olunması ilə bağlı zəruri tədbirlərin görülməsinə dair konkret göstərişlər vermişdir.

 

Trend.az