İtaliyanın Berqamo şəhərində Azərbaycana həsr olunmuş təqdimat keçirilmişdir.
Azərbaycanın İtaliyadakı səfirliyinin, Berqamonun Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə italiyalı iş adamları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər…
İtaliyanın Berqamo şəhərində Azərbaycana həsr olunmuş təqdimat keçirilmişdir.
Azərbaycanın İtaliyadakı səfirliyinin, Berqamonun Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə italiyalı iş adamları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir çərçivəsində Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov Berqamo şəhərinin meri Franko Tentorio ilə görüşmüşdür. Görüşdə Azərbaycanın və İtaliyanın şəhərləri arasında əlaqələrin inkişafı, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində müzakirələr aparılmışdır.
Berqamonun Ticarət və Sənaye Palatasının sədri Covanni Paolo Malvestiti çıxışında rəhbərlik etdiyi qurumun regional və beynəlxalq səviyyədə maraq dairəsinə daxil olan sahələrdən, fəaliyyətindən və məqsədlərindən söz açmışdır. Vurğulanmışdır ki, belə bir tədbirin keçirilməsi Azərbaycanın iqtisadi imkanları ilə daha yaxından tanış olmaq baxımından önəmli addımdır. Beynəlxalq ticarətin fəal iştirakçısı olan Azərbaycanda xarici sərmayəçiləri cəlb edəcək böyük imkanlar mövcuddur. İtaliya Azərbaycanın ən önəmli ticarət tərəfdaşıdır.
İtaliyada ticarət və sənaye sahələrində mövcud olan təcrübədən bəhs edən C.P.Malvestiti bu istiqamətdə əldə edilən uğurların geniş əməkdaşlıq imkanları yaratdığını bildirmişdir. Diqqətə çatdırmışdır ki, müvafiq sahələrdə təcrübə mübadiləsi hər iki ölkənin iqtisadi sistemi üçün yararlı ola bilər.
Tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov ölkəmizdə müşahidə olunan sürətli iqtisadi inkişafdan bəhs etmişdir. Bildirmişdir ki, son illər respublikamızda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlər beynəlxalq birlik tərəfindən yüksək qiymətləndirilir. Ölkəmizdəki mövcud əlverişli investisiya mühiti həm daxili, həm də xarici sərmayəçilərin marağına səbəb olur. Azərbaycan qısa müddətdə sürətlə inkişaf edərək investisiya yatırılan ölkədən sərmayə qoyan ölkəyə çevrilmişdir.
Ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində bütün dünyanı bürüyən iqtisadi böhranın Azərbaycandan yan keçdiyini deyən Vaqif Sadıqov diqqətə çatdırmışdır ki, həmin dövrdə respublikamızda ən yüksək inkişaf göstəricisi müşahidə olunmuşdur.
Vurğulanmışdır ki, tarixən müxtəlif millətlərin və dinlərin nümayəndələrinin dostluq və mehribanlıq şəraitində yaşadığı Azərbaycan bu gün bütün dünyada tolerant ölkə kimi tanınır. Dini və mədəni tolerantlıq dövlət siyasətinin mühüm elementinə çevrilmişdir.
Vaqif Sadıqov Avropanın enerji təhlükəsizliyi baxımından böyük önəm kəsb edən TAP layihəsindən də danışmışdır. Qeyd etmişdir ki, Azərbaycan təbii qazını Avropaya nəql edəcək TAP layihəsinin reallaşdırılmasına dair Saziş ötən ilin dekabrında imzalanmışdır. Qaz kəmərinin 2019-cu ilədək istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan-İtaliya münasibətlərinə toxunan səfir siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrimizin inkişaf etdiyini vurğulamışdır. İtaliya şirkətləri ölkəmizdə qeyri-neft sektoruna, xüsusilə tikinti, infrastruktur, ərzaq sənayesi və digər sahələrə böyük maraq göstərirlər. Təkcə paytaxt Bakıda deyil, Azərbaycanın müxtəlif regionlarında da bu istiqamətdə layihələr reallaşdırmaq üçün geniş potensial mövcuddur. Birgə həyata keçirilən tədbirlər nəticəsində turizm sektorunda da mühüm irəliləyişlərə nail olunmuşdur.
Sonda Vaqif Sadıqov tədbir iştirakçılarının Azərbaycan ilə bağlı suallarını cavablandırmışdır.
AzərTac.az