Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyi və Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası “Bələdiyyələrin formalaşdırılmasında məcburi köçkünlərin iştirakı problemi” mövzusunda dəyirmi masa keçiriblər. APA-nın məlumatına görə, tədbirdə bələdiyyə seçkilərində məcburi köçkünlərin iştirakının təmin edilməsi yolları müzakirə olunub.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, əvvəlki seçkilər kimi, bu il də noyabrın 30-da keçiriləcək bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə məcburi köçkünlərin iştirakı mümkün olmayacaq: “Bunun əsas səbəbi Seçki Məcəlləsinin 212-ci maddəsidir. Burada göstərilib ki, yaşı 21-dən yuxarı, müəyyən ərazidə daimi yaşamaq hüququ olan şəxslər bələdiyyə seçkilərində iştirak edə və öz namizədliklərini verə bilərlər. Yəni bu qanun onu göstərir ki, müəyyən ərazidə daimi yaşamayan insanlar bələdiyyə seçkilərində iştirak edə bilməzlər”. Apa.