Botsvana parlamenti Azərbaycan Milli Məclisinə əməkdaşlıq təklif edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cənubi Afrika regionuna səfəri çərçivəsində Botsvana Respublikasının Milli Assambleyasının (parlament) spikeri xanım Marqaret N.Naşa ilə görüşüb…

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cənubi Afrika regionuna səfəri çərçivəsində Botsvana Respublikasının Milli Assambleyasının (parlament) spikeri xanım Marqaret N.Naşa ilə görüşüb.

Trend Xaciri İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, görüş zamanı nazir E.Məmmədyarov həmsöhbətinə Azərbaycanda sürətlə gedən inkişaf prosesi, Ermənistan-Azərbaycan münaqişəsi və onun ağır nəticələri haqqında ətraflı məlumat verib.

Daha sonra nazir parlamentlərarası diplomatiyanın əhəmiyyətini vurğulayaraq, onun dövlətlərarası əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

Azərbaycan Respublikasının parlamenti haqqında geniş məlumat verən E.Məmmədyarov qanunverici qurumun bir sıra digər ölkələrin parlamentləri ilə əlaqələrinin olduğunu bildirib və gələcəkdə bu cür əlaqələrin Botsvana Milli Assambleyası ilə də yaradılmasının vacibliyini qeyd edib.

Azərbaycan parlamenti ilə əlaqələrin inkişafına hazır olduqlarını qeyd edən xanım Marqaret N.Naşa ilkin addım kimi iki ölkənin qanunverici orqanı arasında məlumat mübadiləsi prosesi və qarşılıqlı səfərlərin təşkilini təklif edib.

Görüşün sonunda xanım Marqaret N.Naşa E.Məmmədyarovu parlamentin iclasında fəxri qonaq kimi iştirak etməyə dəvət edib. Parlamentin iclasında iştirak edən E.Məmmədyarov spiker tərəfindən parlament üzvlərinə təqdim edilib və Botsvananın sürətlə inkişaf edən Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

/Trend/