“ATƏT-in Minsk qrupu tərəfindən aparılan sülh danışıqlarında ciddi irəliləyişin olmaması bizi narahat edir “…
“ATƏT-in Minsk qrupu tərəfindən aparılan sülh danışıqlarında ciddi irəliləyişin olmaması bizi narahat edir “. Trend-in Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə istinadən verdiyi məlumata görə, bunu Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində Böyük Britaniya Parlamentinin bir qrup üzvünün, o cümlədən Böyük Britaniya-Azərbaycan parlament qrupunun üzvü olan parlamentin Nümayəndələr Palatasının üzvləri Bob Blekmen və Stiven Hepbörn və Lordlar Palatasının üzvləri Lord Kilkluni və Lord Flaytın Azərbaycan səfirliyinə ünvanladığı məktubda deyilir.
Məktubda qeyd olunur: “Bu il Xocalı faciəsinin 22-ci ildönümü tamam olur. Biz Ermənistan silahlı qüvvələri tərəfindən Xocalının işğalı zamanı qətlə yetirilmiş 613 günahsız mülki şəxsin xatirəsini böyük kədər hissi ilə yad edirik. Azərbaycan xalqının Xocalı faciəsinin ildönümünü qeyd etdiyi bu günlərdə biz faciə zamanı qətlə yetirilmiş günahsız insanları xatırlayırıq. Biz dəfələrlə Azərbaycanda olmuşuq və öz doğma yurdlarından qovulmuş məcburi köçkünlərin ağır, məşəqqətli həyatını öz gözlərimizlə görmüşük.
Biz Azərbayan torpaqlarının işğalına son qoyulması ilə bağlı sizin çağırışlarınıza qoşulur və münaqişənin ədalətli və sülh yolu ilə həllini istəyirik. Biz bu kədərli gündə sizinlə bir yerdəyiik. Biz münaqişənin tezliklə sülh yolu ilə həllinə və öz yurd-yuvalarından qovulmuş məcburi köçkünlərin öz evlərinə geri qayıdacaqlarına ümid edirik “.
/Trend/