Qərb ölkələrindəki tanınmış siyasi analitiklər və şərhçilər “Üçüncü Dünya Müharibəsi artıq kandardadır ” deyirlər…
Qərb ölkələrindəki tanınmış siyasi analitiklər və şərhçilər “Üçüncü Dünya Müharibəsi artıq kandardadır ” deyirlər.
Halbuki o müharibə artıq başlanıb, kandarı keçib, evlərimizə girib və bu evlərin birləşərək ümumi mənzilə çevirdiyi dünyada olanları, duranları seyr edir.
“Kommunal ” mənzilimiz, ümumi məkanımızsa xəstədir.
Yer kürəsi çoxsaylı sosial və iqtisadi xəstəliklərə mübtəladır.
Ötənlərdə belə xəstəliklər həmişə savaşla, müharibə ilə “müalicə ” edilib və əfsuslar olsun ki, bundan sonra da hərbi əməliyyatlar sosial problemlərin “ən effektiv çözüm vasitələrindən biri ” olaraq qalacaq.
Siyasətin qısa məcmusu, sıxılmış halı məhz müharibədir.
Qlobal miqyasda iqtisadi sistemin inkişaf imkanları tükənmişdi. ABŞ və Avropa Birliyi yeni enerjidaşıyıcıları mənbələri axtarmaqla yanaşı, siyasi təsir imkanlarını artırmağın yollarını və o imkanlardan yararlanaraq daha da güclənmək üçün məkanlar arayırdılar.
Media və siyasətçilər dünyanın düzənində aktiv mərhələnin başlayacağını deyirdilər.
Mərhələ başladı, lakin aktiv yox, reaktiv oldu.
Hadisələr sürətlə inkişaf etməyə başladı.
Əvvəlcə Suriyada vətəndaş müharibəsi partlayaraq ölkənin yaşamını çiliklədi, düzəni pozdu. Daha sonra oradakı terror təşkilatları birləşdilər, “İraq və Şam İslam Dövləti ” (İŞİD) adlı bəlanı yaydılar.
Bir qədər keçdi, qan gölündən çıxmamış İraq laxtalanmış dərddə boğulmağa başladı: İŞİD ölkənin ərazilərini dalbadal ələ keçirirdi.
Sonra Ukraynada “Avromaydan ” oldu, prezidenti Viktor Yanukoviç devrildi, qaçdı.
Kiyevin Qərbə meyllənməsinin qarşısını almağa çalışan Rusiya Krımı ilhaq etdi və bununla da kifayətlənməyib Ukraynanın şərq bölgələrində separatçılara dəstək verdi, sonucda o bölgələrdə “Malorossiya ” adlı siyasi komediya yaratdı.
Müharibə getdi.
İndi də müharibədir, amma bu dəfə enerjidaşıyıcıları resursları uğrundadır.
Demokratiya, insan haqları, ədalətli seçkilər, millətin öz müqəddəratını təyin etmək hüququ və ilaxır – bütün bunlar ABŞ ilə Avropa Birliyinin gerçək niyyətlərinin fövqündə duran məsələlər yox, həmin niyyətlərin pərdələndiyi anlamlardır.
Suriya və ya İraqda konstitusion hakimiyyət tələb edən Qərb İsraildə Konstitusiyanın ümumiyyətlə olmadığını “görmür “.
İslamçıların hakimiyyətə gəlişinin qarşısını almağa çalışdığıın vurğulayan ABŞ sələfi təriqətinə mənsub monarxiyaların yaratdıqları idarəetmə sistemində qadınların seçkilərə qatılmasının bir yana – qadınların avtomobil sürməsinin ehtiva olunmadığını görmək istəmir.
Suriya prezidenti Bəşər Əsəd seçkilərin nəticələrinin saxtalaşdırılması nəticəsində prezident seçilməkdə suçlanır.
Halbuki Qətər, Səudiyyə Ərəbistanı, Oman kimi ölkələrdə dövlət başçılarını xalq ümumiyyətlə, seçmir. Daha doğrusu, vətəndaşlar belə imkana malik deyillər.
Qərbi yalnız enerjidaşıyıcıları, neft və qaz maraqlandırdığından Vaşinqton ilə Brüssel onların tələblərini yerinə yetirən istənilən hakimiyyətə dözməyə, belə iqtidarla əməkdaşlığa hazırdır.
Uqanda, Liberiya, Konqo, Efiopiya, Panama və daha onlarla ölkə ilə münasibətlərdə olduğu kimi.
Amma hansısa ölkənin hakimiyyəti ABŞ və Avropa Birliyinin əmrlərini yerinə yetirməyib təbii ehtiyatlarını su qiymətinə satmaqdan boyun qaçırarsa, təyyarələrdən atılan, tank lülələrindən tuşlanan demokratiya ilə ən müxtəlif qeyri-hökumət təşkilatları və ictimai qurumlara ayrılan pulların xışıltısında, bank hesablarının rəqəmlərində üzə çıxan insan haqları o ölkəyə yönəlir.
Qərb ölkələrində təxminən 1 milyard adam yaşayır və bu insanları ABŞ mediası “qızıl milyard ” adlandırır. İfadənin mənası budur ki, dünya ölkələrinin yerdə qalanlarının əhalisi “qızıl milyard “a şamil edilmiş şəxslərə, yəni seçilmiş ölkələrə xidmət etməlidir.
İstismar olunanlar atılıb-düşməsin, haqlarını tələb etməsin deyə onlara qarşı ən effektiv təzyiq vasitəsi sayılan söz və vicdan azadlığının təqibi, siyasi məhbuslar, seçkilərdə saxtakarlıqlar və s. kimi ittihamlar irəli sürülür.
Əsl ad və soyadı Salot Sar olan khmer vardı. Dünya onu “Pol Pot ” kimi tanıdı. 1998-ci ilin aprelin 15-də, 73 yaşında vəfat etmiş bu adam 1963-1979-cu illərdə Kamboca Kommunist Partiyasının baş katibi, 1976-1979-cu illərdə ölkənin baş naziri olmuşdu. “Qırmızı khmerlər “in liderinin hakimiyyəti illərində Kambocada kütləvi repressiyalar və aclıq hökm sürmüşdüsə, Pol Potun ən ağır cinayətləri 3 milyon kambocalının işgəncələrlə, əzablarla öldürülməsi idi.
1977-ci ildə Vyetnama müharibə elan edən bu gerizəkalı diktator: “Vyetnamda 30 milyon əhali var. Hər kambocalı 30 vyetnamlı öldürsə, cəmi 2 milyon nəfəri qurban verib düşməni məhv edəcəyik “, – demişdi.
Qərb, Pol Pot ölkənin baş naziri Non Lolun hökumətini devirərək hakimiyyətə gələndə susduğu kimi, vyetnamlılara qarşı terror başlayanda da danışmadı, yaşananlara etirazını bildirmədi. Vyetnam ordusu “qırmızı khmer “ləri yerində oturtmaq üçün Kambocaya girəndə, 14 diviziya paytaxt Pnompenə irəliləyəndə də Qərb susurdu.
Çünki Pol Potun cəllad, qaniçən diktaturası ABŞ-ın və NATO-nun göstərişlərini həmişə dəqiq yerinə yetirmişdi. Zahirən “anti-imperialist ” olsa da, Pnompendəki rejim amerikalıların Vyetnama qarşı təzyiq vasitəsi idi.
Üstəlik, “qırmızı khmerlər ” hakimiyyətdə olanda Kamboca əvvəl SSRİ-yə, sonra Varşava Müqaviləsinə qoşulmuş ölkələrə müharibə elan etdi, axırda da Kubanı, Anqolanı və digər sosialist rejimli ölkələri hədələməyə başladı.
Panama. Bu ölkəni 1983-1989-cu illərdə idarə etmiş 80 yaşlı general Manuel Noryeqa hələ də həbsxanadadır.
Panamanın Milli Qvardiyasının komandanı olmuş Noryeqa əslində ölkə rəhbəri idi. O, ABŞ-ın göstərişlərini yerinə yetirənədək Vaşinqton üçün gərəkli adamdı.
Lakin general “yolunu azanda “, qonşu Nikaraquanın sosialist hakimiyyəti ilə danışıqlara başlayanda və SSRİ-nin emissarları ilə gizli görüşlər keçirəndə amerikalıların səbri tükəndi.
1989-cu ilin dekabrında ABŞ-ın Panamada keçirdiyi “Just Cause ” əməliyyatı nəticəsində devrilən general Noryeqa həbs edildi, Mayamiyə göndərildi və 1992-ci ildə orada 40 il müddətinə azadlıqdan məhrum edildi.
2010-cu ildə Noryeqa Fransaya ekstradisiya olundu, 7 illik həbs aldı. 2001-ci ilin dekabrın 11-də isə Noryeqa Panamaya qaytarıldı və indi də həbsxanadadır.
1971-1979-cu illərdə Uqanda prezidenti olmuş Dada Ume İdi Aminin imzaladığı əmrlərdən birinə görə, bütün ölkə vətəndaşları ona “Əlahəzrət Ömürlük Prezident, Feldmarşal Əl Hacı Dostor İdi Amin, Yerdə bütün heyvanların, dənizlərdə bütün balıqların hökmdarı, Afrikada ümumən və Uqandada xüsusən Britaniya İmperiyasının qalibi ” deyə müraciət etməliydilər. Bu diktator 19 milyonluq Uqandada 500 minə yaxın insanın qətlində suçludur. Aminin özü 2 min nəfəri şəxsən öldürmüşdü.
Liviya Ərəb Cəmahiriyyəsinin lideri, polkovnik Müəmmər Qəzzafi Qərbin ən yaxın dostlarından biri sayılırdı. Lokkerbidə təyyarə vurulanadək belə idi. Sonra Qəzzafi ABŞ-ın qəzəbinə gədi, Liviya bombalandı, axırda da ölkədə “demokratik inqilab ” başlandı.
Qəzzafi vəhşicəsinə öldürüldü, Liviya viran qaldı.
Qərbin demokratiya yellərini əsdirdiyi Tunis, Mərakeş, Əlcəzair, Efiopiya, Sudan, Somali kimi.
Sovetlər Birliyi 1979-cu ildə Əfqanıstanı işğal edəndə ABŞ “Taliban “ı yaratdı və silahlandırdı, daha sonra “Taliban “ın daxilindən “Əl Qaida ” çıxdı, o da İŞİD-i dünyaya gətirdi.
Afrika, Cənubi və Mərkəzi Amerika, Asiya, Avropa – bu məkanlarda hansısa ölkədəki hakimiyyət ABŞ və NATO rəhbərliyinin maraqlarını təmin etməyəndə orada mütləq “müxalifətçi-demokrat qüvvə adı ilə silahlı müxalifət formalaşırdı.
Hədəfə alınmış ölkədəki iqtidar devriləndən sonra dövlətdə demokratik dəyişikliklər əvəzinə iğtişaşlar və xaos başlayırdı.
Postsovet məkanında əvvəl Gürcüstan, sonra Qırğızıstan və Ukraynada belə oldu.
İndi hədəfdə Moldova, Belarus, Tacikistan, Türkmənistan, Qazaxıstandır.
Rusiya da ki, təbii, öz yerində: Moskvadakı rejimi devirmək Qərbin çoxdankı arzusu, ABŞ-dakı hakimiyyət mənsublarının illər əvvəl formalaşmış istəkləridir.
… Qərbin demokratiya ixracı “nədənsə ” həmişə qan, viranələr, dəhşətə çevrilir.
Qəribədirmi?
Məncə, yox. Adi, rutin siyasətdir.
Milli.Az