Çirkli oyun fırıldaqçının özünü vurdu

“Bazara ayaqqabı təmizləyənlər gəlib peşəkarlar kimi davranmağa başlayanda…

Horra nefti qarışdıra bilmir
“Enterprise Products Partners ” şirkəti ABŞ-ın Şimali Dakota ştatından Oklahomaya neft boru kəmərinin çəkilişini təxirə salıb.
Layihəyə pul yatıracaqlarına və inşaat işlərini maliyyələşdirəcəklərinə söz vermiş, sənədlər imzalamış şirkətlər indi yaxalarını kənara çəkirlər.
Kanadada yerli istehsal olan neftin qiyməti sürətlə ucuzlaşmaqdadır.
Dünya bazarlarında “şist nefti ” adlanan, əslində isə bitumoz horra olan enerjidaşıyıcısının 1 barrelinin qiyməti son 24 saat ərzində 4 dollar ucuzlaşaraq 42,1 dollara yuvarlanıb.
Bu isə 2009-cu ilin aprelindən bəri ən aşağı səviyyədir.
İlk baxışdan nə problem var ki?! Dünya bazarlarında neftin qiyməti ucuzlaşırsa, təbii ki, şist nefti də ucuzlaşmalıdır və yaşananları təbii proses saymaq gərəkir.
Göründüyü kimi deyil. İş ondadır ki, ABŞ və Kanadada çıxarılan şist neftinin 1 barrelinin maya dəyəri 50 dollardır. Bəzi yataqlarda rəqəm 90 dollara çatır.
ABŞ şist neftinin hasilatını son illərədək “möhürləmişdi ” və dərk edirdi ki, belə neft heç bir halda keyfiyyətlə maya dəyəri baxımından “normal ” nefti əvəzləyə bilməz.
Şist nefti həmişə amerikalılar üçün enerjidaşıyıcıları bazarlarına siyasi təzyiq vasitəsi olmuşdu və Rusiya da Ukraynada “nadinclik ” etməyə başlayanda Vaşinqton durumdan yararlanmağa çalışdı.
Üstəlik, Suriya və İraqdakı olaylarla bağlı İran da yenidən fəallaşdığından amerikalılar Tehrana yeni zərbə vurmaq istəyirdilər
İran və Rusiyanın dövlət büdcəsinin gəlirlərinin əhəmiyyətli hissəsi məhz xam neft satışlarından əldə olunan pullar hesabına formalaşdığından ən effektiv yol “qara qızıl “ın ucuzlaşmasına nail olmaqdı.
Sovetlər Birliyinin neft qiymətləri ilə çökdürülməsi zamanı olduğu kimi, bu dəfə də Fars Körfəzinin ərəb monarxiyalarına əmr verildi, onlar sutkalıq hasilatı artırdılar.
Eyni zamanda Birləşmiş Ştatlar öz ərazisindəki şisti nefti yataqlarındakı istehsalın həcmini sürətlə yüksəltməklə yanaşı, Kanadada da eyni prosedura başlanmasına
“dost məsləhəti ” verdi.
Məqsəd şist neftinin hasilatını artırmaqla dünya bazarlarında xam neftin qiymətini daha da ucuzlaşdırmaq, “qara qızıl “dan artıq neçənci dəfə geosiyasi məqsədlər üçün istifadə etməkdi.
Vaşinqton ilkin mərhələdə niyyətinə çatdı, neft sürətlə ucuzlaşmağa başladı, Rusiya və İran ağır maliyyə problemləri ilə qarşılaşdılar, neft satmalarına rəğmən, iqtisadiyyatlarının qeyri-neft sektoru çox zəif inkişaf etmiş ölkələrdə çətinliklər yarandı.
“Neft satırsınız? Neftlə gününüzü qara edərik ” taktikası ilə hərəkət edən Vaşinqton sevinməyə bir qədər tələsib. Çünki enerjidaşıyıcıları hasilatçıları və satıcıları olan ölkələrə yönəlmiş addımlar əks effekt verib, atılan daş bumeranq effekti ilə amerikalıların özlərinə qayıdıb.
Qlobal neft bazarındakı ucuzlaşmadan artıq Birləşmiş Ştatlar da əziyyət çəkməyə başlayıb.
Rəqəmlər Ağ Evin iki ay əvvəl bəyan etdiyi nikbin ehtimalları alt-üst edir. Belə ki, oktyabr ayında 7227 icazə verilmişdisə, noyabrda həmin rəqəm 4520-yə düşüb. Yəni azalma təqribən 40 faizdir.
Daha dəqiq olsaq, “Permian Basin ” və “New Mexico ” şirkətlərində geriləmə 38%, “Eagle Ford “da – 28%, “Bakken “də isə 29%-a bərabər olub.
2008-ci ildə dünya bazarlarında xam neftin qiyməti sürətlə ucuzlaşmağa başlayanda Birləşmiş Ştatların rəhbərliyi ölkə ərazisində yeni neft quyularının qazılmasına verilən icazələrin sayını artırmışdı. 2008-ci ilin iyul ayında “qara qızıl ” 30 faiz ucuzlaşmış, 5 ay sonra isə ABŞ-da neft hasilatı pik səviyyəyə çatmış, sonra sürətlə azalmışdı.
Sarsaqlıq, yoxsa ələ salmaq?
ABŞ-ın və dünyanın ən məşhur telekanallarından olan CNN-nin özəl sərmayələrə, iqtisadiyyata və maliyyəyə həsr olunmuş CNN Money kanalıMəhəmməd Mayd adlı bir şəxsi ağır problemi asanlıqla həll edən adam qismində təqdim etməyə çalışır.
Filadelfiyadakı şirkətlərdən birində mühəndis işləyən Məhəmməd tələbələri yeni strategiyanı həyata keçirməyə çağırıb.
“Borclarla bağlı davranışımı tamamən dəyişmişəm. Ali təhsil almaq üçün banklardan götürdüyüm kreditləri minimum səviyyəyə endirdim, birja investisiyaları ilə məşğul olmağa qərar verdim və bütün pulları birjadakı səhmlərə yatırdım. İndi təhsillə bağlı borclarımı asanlıqla ödəyəcəyimi anlamaq mənə rahatlıq verir “.
Həmişə çox yüksək səviyyəli peşəkarlığı ilə seçilmiş CNN telekanalının belə sarsaq açıqlamalar verən adamı “qəhrəman ” etməyə çalışması təəccüb doğurardı – hərgah ABŞ iqtisadiyyatının indiki durumuna bələd olmasaydıq.
2007-2008-ci illərdə də Birləşmiş Ştatlarda on minlərlə tələbə təhsil kreditlərini ödəmək üçün pullarını səhmlərə yatırmış, sonra o qiymətli kağızlar adi kağızlara çevrilmiş və tələbələr yüz minlərlə dollar borca düşmüşdülər.
Uğursuzluğa düçar olmuş tələbələr arasında intiharların sayı sürətlə artmışdı.
İndi də neftin ucuzlaşdığı bir dönəmdə tələbələrin birja investisiyaları vasitəsilə təhsil kreditlərini ödəmələri ilə bağlı çağırışlar ən azı marazm təsiri bağışlayır.
Çünki amerikalılar arasında götürdükləri kreditləri nə zamansa ödəyə biləcəyini düşünənlərin sayı sürətlə azalır.
“Washington Post ” və “CreditCards.com “un keçirdikləri sorğunun nəticələrinə görə, kreditləri dəyə bilməyəcəyinə əmin olan amerikalıların sayı son ildə 2 dəfə artıb.
Banklardan istehlak krediti götürmüş hər 5 amerikalıdan biri krediti ödəyə bilməyəcəyinə şübhə etmir. Halbuki, ötənilki sorğuda hər 11 dəfərdən, sadəcə, biri belə cavab vermişdi.
Aparılan hesablamalar göstərir ki, Birləşmiş Ştatların orta statistik vətəndaşı ən yaxşı halda kreditləri 53 yaşına çatanda ödəyəcəyini xəyal edir.
İş o yerə çatıb ki, çoxları universitet və ya kollecdə oxumaq üçün banklardan götürdükləri kreditləri hələ də ödəməyiblər. İndi yüz minlərlə amerikalı gənclik illərində universitet təhsili üçün aldıqları krediti əmək karyerasının sonunda ödəməyi düşünür. Hətta belə kreditləri təqaüdlərdən ödəyənlər də az deyil.
Ekspertlərin fikrincə, bütün bunlar amerikalıların öz iqtisadiyyatlarına əsla inanmadıqlarını göstərir. Rəsmi statistikaya görə, işsizlik səviyyəsi guya aşağı düşsə də, aylıq maaşı çox az olanların sayı çoxalır. Üstəlik, maaşların artımı tələb olunsa da, reallaşmır.
ABŞ reallıqlarına görə yoxsul sayılanlar, yəni illik gəlirləri 30 min dollardan az olanlar kreditləri nə zamansa ödəyə bilməyəcəklərini əsla düşünmürlər. Bununla yanaşı, orta təbəqəyə şamil edilənlər, yəni illik gəlirləri 75 min dollardan çox olanlar da nə vaxtsa kredit ödənişlərindən qurtulacaqlarını sanmırlar.
Neft və təhsil
ABŞ-da neflə bağlı situasiyanı təhsil kreditləri məsələsi ilə uzlaşdırmaqda məqsəd heç də yankilərin iqtisadiyyatının zəifləməsinə bu minvalla təsir etmək deyildi.
Qətiyyən.
Amerikalılar “demokratik olmayan ölkələr ” adlandırdıqları, əslində isə Vaşinqtondan alınan əmrlərə tabe olmaq istəməyən dövlətləri ram etmək üçün onlara əvvəlcə insan haqları, demokratik təsisatlar, sonra da təhsil müstəvisində təzyiqlər edirlər.
Bu zaman Birləşmiş Ştatlarda təhsil alanların durumu az qala nümunə kimi təqdim olunur.
Halbuki, “möhürlənmiş neft quyularını yalnız böhranlarda işə salan amerikalılar ” təki mif “nikbin amerikalı tələbələr ” rəvayəti qədər əsassızdır.
/Milli.az/