Filipp Lefortun Aİ-nin Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi təyin olunması ilə Dağlıq Qarabağ üzrə danışıqların aktivləşəcəyi gözlənilir. Bunu bu gün jurnalistlərə Polşanın Ermənistandakı səfiri Zdislav Raçinski deyib. Trend-in məlumatına görə, bu barədə News.am yazır.
“Fransaya ATƏT-in Minsk qrupunda Aİ-ni təmsil etmək səlahiyyətləri verilməyib, lakin aydındır ki, öz mövqeyini göstərməklə Fransa müəyyən qədər Aİ-nin mövqeyini də təmsil edir. Bildiyiniz kimi, Aİ-nin Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsinin mandatına nizamlanmamış – əgər orada adamlar həlak olursa, onları dondurulmuş adlandırmaq istəmirəm – münaqişələr də daxildir. Hesab etmirəm ki, danışıqların formatı yaxın gələcəkdə dəyişəcək, lakin onun fəallaşacağına əminəm “, – diplomat deyib.
Ötən həftə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Filipp Lefortun Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi təyin edilməsini alqışlayıb… Trend.