Cənubi Sudanın müstəqilliyinin tanınması Dağlıq Qarabağ münaqişəsinə heç bir formada təsir etməyəcək

Cənubi Sudanın müstəqilliyinin tanınması Dağlıq Qarabağ münaqişəsinə heç bir formada təsir etməyəcək. Trend-in məlumatına görə, çərşənbə axşamı keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Ermənistan Prezidenti Serj Sarkisyanın bəyanatına münasibət bildirərkən deyib.
“Sudanadək çoxlu qurumların müstəqilliyi beynəlxalq ictimaiyyət tərəfindən tanınıb. Ən səs-küylü tanınma Kosovonun tanınması olub. MDB məkanında ən səs-küylü tanınma Abxaziyanın tanınması olub. Kosovo və Abxaziya tanınmaları Dağlıq Qarabağın tanınmasına təsir edə bilməyibsə, Sudanın tanınması da Dağlıq Qarabağın tanınmasına təsir edə bilməyəcək “, – Əhmədoğlu əlavə edib.
Ermənistan Prezidenti Serj Sarkisyan avqustun 29-da xarici ölkələrdəki səfirlərin Yerevan toplantısında bildirib ki, Dağlıq Qarabağın da Cənubi Sudan kimi müstəqil olacağı şübhəsizdir… Trend.