Daşınmaz əmlakın sığortası artıb

Ötən ay ərzində 8,9 mindən çox sığorta müqaviləsi bağlanıb…

Ötən ay ərzində 8,9 mindən çox sığorta müqaviləsi bağlanıb.

Oktyabr ayı ərzində daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 8,9 mindən çox sığorta müqaviləsi bağlanıb.

Oxu.Az xəbər verir ki, İcbari Sığorta Bürosundan verilən məlumata görə, 2014-cü ilin oktyabr ayında daşınmaz əmlakın icbari sığortası üzrə 8,489 , daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 377, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 44 sığorta müqaviləsi bağlanıb.

“Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 1,415,171 manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 24,240 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 8,840 manat təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə  daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 32,06% artım və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayında 2,83% azalma müşahidə edilib.

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 71,04%-i yaşayış evləri və mənzillər, 0,52%-i inzibati binalar, 28,44%-i digər daşınmaz əmlakla bağlı olmuşdur.İcbari qaydada sığortalanmış yaşayış evləri və mənzillərin rayonlar üzrə bölgüsü aşağıdakı kimi olub:

Bakı – 28%, Balakən – 7%, Bərdə – 7%, Gəncə – 5%, İmişli – 4%, Sumqayıt – 4%, Göy-Göl – 4%, Şirvan – 3%, Lənkəran – 2%, Zaqatala – 2%, digər rayonlar üzrə – 34%”, – məlumatda deyilir.

www.oxu.az