Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2011-ci ildə Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının (DQ) Ali Hərbi Məktəbi yaradılıb. DİN-in Daxili Qoşunları Ali Hərbi Məktəbə 2014-2015-ci tədris ili üçün tələbə qəbulu elan edir…
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2011-ci ildə Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının (DQ) Ali Hərbi Məktəbi yaradılıb. DİN-in Daxili Qoşunları Ali Hərbi Məktəbə 2014-2015-ci tədris ili üçün tələbə qəbulu elan edir.
Daxili Qoşunların (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ali Hərbi Məktəbə 2014-2015-ci tədris ili üçün tərtib edilmiş tələbə qəbulu qaydalarına əsasən, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbula namizədlər Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatda olan, buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli 17 yaşı tamam olan və 19 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları sırasından seçilirlər.
Abituriyentlər Daxili Qoşunların Baş İdarəsində yaradılmış fiziki hazırlıq, hərbi-həkim və mandat komissiyalarında Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər (fiziki hazırlıq üzrə minimal normativlər: turnikdə dartınma – 6 dəfə, qaçış 100 metr məsafəyə – 15 saniyə və 1000 metr məsafəyə – 4 dəqiqə, qolların üzərində bədənin döşəmədən qaldırılıb – 18 dəfə, arxası üstə uzanmış halda döşəmədən bədənin qaldırılması – 18 dəfə).
Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin siyahısı qəbul imtahanlarında iştirak etmələri üçün Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına göndərilir.
İmtahanlar test üsulu ilə 4-cü qrup fənləri üzrə Azərbaycan və rus dillərində keçirilir.
Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşmə, imtahanların vaxtı, yeri və digər şərtlər Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilir və abituriyentlər bu məqsədlə Komissiyanın internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər.
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul olunmuş abituriyentlər dövlət hesabına geyim forması, yataqxana və yeməklə təmin edilirlər. Məktəbdə tədris Azərbaycan dilində aparılır, təhsil müddəti 4 ildir.
Məzunlara “fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ” ixtisası və “leytenant ” hərbi rütbəsi verilərək Daxili Qoşunlarda müvafiq vəzifələrə təyin edilirlər. Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul üçün namizədlər Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov küçəsi, 4) aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
– şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və notariat qaydada təsdiq olunmuş surəti);
– təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında Daxili Qoşunların Baş İdarəsinə təqdim olunması üçün arayış və ya tam orta təhsil haqqında sənəd (attestatın əsli və notariat qaydada təsdiq olunmuş surəti);
– yaşayış yeri üzrə tibb müəssisəsindən Daxili Qoşunların Baş İdarəsinə təqdim olunması üçün sağlamlıq haqqında arayış;
– ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və notariat qaydada təsdiq olunmuş surəti);
– oxuduğu təhsil müəssisəsi tərəfindən Daxili Qoşunların Baş İdarəsinə təqdim olunması üçün verilmiş xasiyyətnamə;
– 9×12 sm ölçüdə 2 ədəd, 4×6 sm ölçüdə 4 ədəd fotoşəkil (papaqsız, rəngli, donuq kağızda).
Ərizə və sənədlərin qəbulu 2014-cü ilin mart ayının 1-dən aprel ayının 10-dək olan müddətdə (bazar və bayram günləri istisna olmaqla) hər gün saat 10:00-dan 17:00-dək həyata keçiriləcəkdir.
Qeyd: İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan, 2014-cü ilin aprel və iyul çağırışlarında hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də Daxili Qoşunlarda xidmətə qəbul üçün müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən abituriyentlər Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul edilmirlər.
/Trend/