Bəzi dairələr tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində demokratiya məsələlərinin önə çıxarılması yalnız bəhanədir. Bütün bunlar Azərbaycana təzyiq göstərmək, onun müstəqil siyasət həyata keçirməsinə mane olmaq üçün söylənən fikirlərdir. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib.
Muradova bildirib ki, bu cür fikirlərdən də ölkəmizin daxilində öz məqsədlərini reallaşdırmaq istəyən məhdud bir qrup “al bayraq ” kimi istifadə etməyə çalışır. Onun sözlərinə görə, bu isə çox zərərli və Azərbaycana yönəlmiş xəyanət mövqeli bir yanaşmadır.
Vitse-spiker qeyd edib ki, münaqişə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində yaranıb. Hərbi təcavüzün Azərbaycana böyük ziyan vurduğunu deyən Muradova vurğulayıb ki, işğal faktı ölkəmizin inkişafını əngəlləyir.
“Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində böyük bir ərazimizdə yaşayış yoxdur, mövcud olan infrastrukturlar tamamilə dağıdılıb, insanlar öz doğma torpaqlarında yaşamaq imkanından məhrum olublar. Yəni ərazilərimizin işğalı ölkəmizin sosial-iqtisadi inkişafının daha böyük vüsət almasının qarşısını alır. Bu amil demokratik inkişafa da ciddi təsir edir. Ona görə də münaqişənin həlli prosesində demokratiya amilini önə çıxaranlar reallığı düzgün qiymətləndirməlidirlər, – o qeyd edib… Trend.