Deputat əsgərlərin yemək bişirməsindən danışdı

“Uşaq mobil telefonla hər gün danışır, yenə də ürəkləri toxdamır”…

“Uşaq mobil telefonla hər gün danışır, yenə də ürəkləri toxdamır”.

Milli Məclisin deputatı Fazil Mustafa orduda yemək bişirilməsinin və təsərrüfat işlərinin mülki şəxslərlə müqavilə əsasında həyata keçirilməsi barədə Ali Baş Komandanın göstərişinə münasibət bildirib. 

Oxu.Az ANS PRESS-in məlumatına görə, Fazil Mustafa sosial şəbəkədəki səfifəsində bunun doğru bir qərar olduğunu qeyd edib:

“Mən Sovet ordusunda Ukraynada Daxili Qoşunlarda xidmət etmişəm. Bizdə bu işləri müqavilə əsasında mülki şəxslər yerinə yetirirdi və əsgərlər bütün günü hərbi təlimlərlə məşğul olurdu. Həqiqətən də təsərrüfat işləri zabitləri və əsgəri əsas vəzifəsinin icrasından uzaqlaşdırır. Ümumiyyətlə əsgərlərin və zabitlərin ayrı-ayrı komandirlərin şəxsi təsərrüfatında çalışması, yuxarı komandirlər üçün çoxsaylı xidmətçi-əsgər personalının mövcudluğu probleminə də diqqət yetirmək lazımdır. Əsgərin əsas vəzifəsi mümkün qədər qısa müddətdə ona təhkim olunan silahı mükəmməl səviyyədə istifadə etməyi bacarmaqdır. 

Bir də ən vacib məsələ valideynlərin hər həftə ciddi bir səbəb olmadan hərbi hissədə övladlarına baş çəkmə ənənəsinin dəyişilməsidir.

Uşaq mobil telefonla hər gün danışır, yenə də ürəkləri toxdamır. Kamçatkada, Vladivastokda deyil, uzaqbaşı Bakıdan 5 saatlıq yoldur, Əksər valideyinlər həqiqətən də uşaqların normal əsgərlik keçməsinə imkan vermirlər.

Bundan istifadə edən bəzi məsuliyyətsiz zabitlər və gizirlər də uşaqlara təzyiq göstərərək telefonlarına kontur yüklədirlər və ya başqa mənfəətlər güdürlər. Ən rahat xidmət edən əsgər, əsasən arxasınca valideyinin hər ay gəlmədiyi əsgərlər olur”.

www.oxu.az