Dmitri Roqozin: Bizim bazarlarda Azərbaycan məhsullarına tələbat böyükdür

Tərəflər iqtisadi əməkdaşlığı genişləndirmək qərarına gəlib…

Tərəflər iqtisadi əməkdaşlığı genişləndirmək qərarına gəlib.

Bu gün Bakıda Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq məsələləri ilə bağlı Hökumətlərarası Komissiyasının XXIV iclası keçirilir.

Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, iclas Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və onun rusiyalı həmkarı Dmitri Roqozinin rəhbərliyi ilə baş tutub, Rusiyanın “İnterfaks ” agentliyi yazır.

İclas çərçivəsində tərəflər iqtisadi əməkdaşlığı genişləndirmək qərarına gəlib.

Azərbaycanın baş nazirinin birinci müavini qeyd edib ki, Hökumətlərarası Komissiyanın iclası ikitərəfli iqtisadi əməkdaşlığın inkişafına böyük təkan verəcək.

Y.Eyyubov əlavə edib ki, D.Roqozinin rəhbərlik etdiyi nümayəndə heyəti iclasdan öncə Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb.

Rusiyanın baş nazirinin birinci müavini Dmitri Roqozin isə çıxışında bildirib ki, son zamanlar Azərbaycan məhsullarının qonşu ölkə bazarlarına ixracı xeyli artıb.

“Bizim bazarlarda Azərbaycan məhsullarına tələbat böyükdür”, – deyə o qeyd edib.

D.Roqozin vurğulayıb ki, hər iki ölkənin şirkətləri birgə müəssisələrin yaradılmasına ciddi önəm verməlidir:

“Birgə müəssisələr iqtisadiyyatın bir neçə sahəsini əhatə edə bilər. Məsələn, kənd təsərrüfatı məhsullarının emalı, energetika, sənayenin digər sahələrində əməkdaşlığımızın böyük perspektivləri var”, – deyə o bildirib.

Rusiyanın baş nazirinin birinci müavini qeyd edib ki, son illər ərzində Azərbaycan istehsal sahəsində çox böyük sıçrayış edib.

“Biz Azərbaycanın bu nailiyyətinə çox sevinirik. Bu sahədə də birgə səylərimizi cəm edə bilərik”, – deyə o əlavə edib.

www.oxu.az