Doroxin Jirinovskiyə görə utanır

“Bu yanaşmanın bəzi elementlərilə bağlı sizə danışa bilərəm”…

“Bu yanaşmanın bəzi elementlərilə bağlı sizə danışa bilərəm”.

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin Vladimir Jirinovskinin Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan bəyanatlar verdiyi üçün utanır.

Oxu.Az xəbər verir ki, bunu Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin ANS TV-nin “Hesabat” verilişində olarkən söyləyib:

“Vladimir Jirinovski qanunverici orqanın nümayəndəsidir. Mən icraedici hakimiyyəti təmsil edirəm. Mən ona nə deməli olduğu barədə göstəriş verə bilmərəm. Səfir və Rusiya Federasiyasının vətəndaşı kimi mənim öz mövqeyim var. Və səmimi demək istəyirəm ki, mən bu bəyanatlara görə utanıram. Məni eşidənlərə, bu sualı məndən indiyə qədər soruşanlara demək istəyirəm ki, Rusiyanın Azərbaycanla bağlı siyasətini Jirinovski müəyyən etmir”. – deyə səfir vurğulayıb.

Səfirin sözlərinə görə, Rusiyanın Azərbaycanla bağlı siyasətini Rusiya prezidenti Vladimir Vladimiroviç Putin müəyyən edir:

“Onun Azərbaycanla bağlı hansı mövqe tutduğunu bilirsiz. Bu yanaşmanın bəzi elementlərilə bağlı sizə danışa bilərəm. Mən bir məqamı da deyim, Vladimir Volfoviç Lavrova məktub yazıb ki, məni Bakıdakı səfir postundan geri çağırsınlar. Mənim bəzi çıxışlarım onun xoşuna gəlmədi və o, mənim ölkəni pis təmsil etdiyimi bəyan edərək geri çağırılmamı istədi. Bu iki il əvvəl olmuşdu, görürsüz ki, mən burdayam. Bu da onun siyasəti müəyyənləşdirməməsinə, mənim dediyimə daha bir təsdiqdir”.

 

/Oxu.az/