Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə səfər ediblər. Mərkəzin gündəlik fəaliyyəti ilə tanışlıq məqsədilə təşkil olunan bu səfər İctimai Şuranın reqlamentinə uyğun və cari ilin birinci yarısının iş planına əsasən keçirilib.
Şura üzvlərinə Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verilib, hazırda orada 6-sı uşaq və 5-i qadın olmaqla ümumilikdə 25 nəfərin yerləşdirildiyi bildirilib.
Görüş zamanı Şura üzvlərinə Mərkəzin iş rejimi, daxili intizam qaydaları, orada məcburi və könüllü yerləşdirilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları və vəzifələri barədə geniş məlumat verilib. Bununla yanaşı Şura üzvləri Mərkəzin inzibati binası, nəzarət buraxılış məntəqəsi, ziyarətçilər üçün gözləmə otağı, görüş otağı, foto-çəkilişlərin və daktiloskopik qeydiyyatın aparıldığı otaqla, axtarış otağı, yataqxana tipli yaşayış binaları, müsahibə otağı, sanitar-təmizləmə otağı, yeni qəbul edilənlər üçün ilkin (müvəqqəti) saxlanılma otaqları (karantin yerləri), yeməkxana, kitabxana, istirahət otağı, idman meydançası, uşaqlar üçün oyun meydançası, tibb məntəqəsi və digər yerlərlə tanış olublar, Mərkəzə kompleksinə aid edilən binaların daxili quruluşu və şəraiti ilə əlaqədar təkliflər irəli sürüblər. Şura üzvlərinin suallarını cavablandıran miqrantlar onlara göstərilən diqqət və qayğıdan məmnun qaldıqlarını bildiriblər.
Təmsil etdiyi ictimai təsisatın məqsəd və vəzifələri, bu sahədə həyata keçirilən işlər barədə danışan Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov qanunsuz miqrantların saxlanılması mərkəzlərinin fəaliyyətinin daima Şuranın diqqət mərkəzində saxlanılmalı olduğunu və bütövlükdə ictimai nəzarətin həyata keçirilməsi kontekstində icra olunan bu kimi fəaliyyətlərin davam etdiriləcəyini vurğulayıb. Şura üzvləri ilə Mərkəz əməkdaşları arasında aparılan fikir mübadiləsi nəticəsində qərara alınıb ki, burada saxlanılan əcnəbilərlə, xüsusilə də qadın və uşaqlarla bağlı sosial reabilitasiyası və adaptasiyası proqramları hazırlansın və icra olunsun.
Şura üzvlərinin sonda yekdilliklə gəldikləri qənaət bundan ibarət olub ki, Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin fəaliyyəti və şəraiti insan hüquq və azadlığının təmin olunması prinsiplərinə, bu sahədə beynəlxalq norma və standartlarına uyğun şəkildə təşkil edilib.
Dövlət Miqrasiya Xidməti