Dövlət Sosial Müdafiə Fondu gəlirlərini açıqladı

Əhaliyə 15,3 mln. manat məbləğində müavinət ödənilib…

Əhaliyə 15,3 mln. manat məbləğində müavinət ödənilib.

2014-cü ilin 1-ci rübündə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 712,0 mln. manat  təşkil edib ki, bu da cari ilin proqnoz göstəricisindən 3,1 mln. manat və ya 0,4 faiz çoxdur.

Oxu.Az xəbər verir ki, DSMF-dən verilən məlumata görə, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozdan 3,9 mln. manat və ya 1,0 faiz yuxarı olmaqla 2013-ci ilin müvafiq dövrünə nisbətən 11,6 faiz və ya 39,3 mln. manat artaraq 378,0 mln. manat təşkil edib.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 64,1 faizi və ya 242,2  mln. manatı qeyri-büdcə sektorunun payına düşür.

2014-cü ilin yanvar-mart aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 135,8 mln. manat təşkil edib. Dövlət büdcəsindən 333,6 mln. manat məbləğində transfert Fondun xəzinə hesabına köçürülüb.

Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib.

2014-cü ilin 1-ci rübündə DSMF-nin xərcləri 696,8 mln. manat olub.

DSMF-nin məlumatına görə, hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 685,2 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 80,1 mln. manat və ya 13,2 faiz  çoxdur. Pensiya xərcləri 2013-ci ilin müvafiq dövrünə  nisbətən 13,2 faiz və ya 78,3 mln. manat artaraq 669,9 mln. manat təşkil edib.

Qeyd edək ki, 2014-cü ilin yanvar-mart aylarında əhaliyə 15,3 mln. manat məbləğində müavinət ödənilib ki, bunun da 29,2 faizi hamiləliyə və doğuma görə, 27,5 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 18,8 faizi dəfn üçün, 24,5 faizi isə digər müavinətlərin payına düşür.

DSMF-nin digər xərcləri 11,6 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin müvafiq dövrünün göstəricisindən 1,6 mln. manat və ya 16,0 faiz çoxdur.

www.oxu.az