İnzibati reqlament hazırlanıb…
İnzibati reqlament hazırlanıb.
İqtisadiyyat və Sənaye Nazirliyi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil almış şəxslərin qeydiyyata alınması və onların müsabiqədən kənar dövlət qulluğuna qəbul edilmələri məqsədilə müraciətlərin və sənədlərin qəbulu üzrə inzibati reqlament hazırlayıb.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, ictimai müzakirəyə çıxarılmış reqlament layihəsinə əsasən, İqtisadiyyat və Sənaye Nazirliyi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” (Dövlət Proqramı) çərçivəsində xaricdə təhsil almış şəxslərin qeydiyyata alınması və onların müsabiqədən kənar dövlət qulluğuna qəbul edilmələri məqsədilə müraciətlərin və sənədlərin qəbulu” elektron xidməti yaradacaq və bu elektron xilmət “e-gov.az” və “economy.gov.az/e-xidmetler” saytlarında təqdim olunacaq.
Elektron xidmətin nəticəsində Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almış şəxslərin qeydiyyata alınması və onların müsabiqədən kənar dövlət qulluğuna qəbul edilmələri məqsədilə ehtiyat kadrlar siyahısına daxil edilmələri üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim edilməsi nəzərdə tutulub.
Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin skan edilmiş surəti elektron formada təqdim olunacaq. Bu sənədlərin siyahısına ehtiyat kadrlar siyahısına daxil edilmək üçün köməklik edilməsi barədə iqtisadiyyat və sənaye nazirinin adına yazılmış ərizə, şəxsiyyəti təsdiq edən sənədin, xaricdə təhsilin nəticəsi olaraq verilmiş sənədin (diplomun), əmək kitabçasının (olduğu təqdirdə), ixtisas dərəcəsini təsdiq edən sənədin (olduğu təqdirdə), sağlamlıq haqqında arayışın və Təhsil Nazirliyi tərəfindən verilmiş və Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almanı təsdiq edən müvafiq arayışın skan edilmiş surətləri, kadrlar uçotunun şəxsi vərəqəsi, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalar”na uyğun olaraq Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamələr daxildir.