Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov İstanbulda BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasser Abdülaziz Al-Nassirlə görüşüb…
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov İstanbulda BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasser Abdülaziz Al-Nassirlə görüşüb.
Komitədən APA-ya verilən məlumata görə, görüş zamanı iki qurum arasında əməkdaşlığı nəzərdə tutan 2013-cü il sentyabrın 27-də imzalanmış Anlaşma Memorandumuna əlavə olaraq Fəaliyyət Planı üzərində razılıq əldə edərək paraflayıblar (ilkin razılığın ifadəsi olaraq). Sözügedən fəaliyyət planı DQİDK ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında mədəniyyətlərarası və dinlərarası dialoq, sülh təhsili və vətəndaş cəmiyyətinin gücləndirilməsi sahələrində birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur. Fəaliyyət Planı uyğun prosedurlar tamamlandıqdan sonra imzalanacaq və qüvvəyə minəcək.
E.İskəndərov mətbuata açıqlamasında Azərbaycanın BMT-nin Sivilizasiyaların Alyansı ilə əməkdaşlığa önəm verdiyini və bu günədək BMT-nin Sivilizasiyaların Alyansı çərçivəsində həyata keçirilən bir çox tədbirə ev sahibliyi etdiyini söyləyib. Bu istiqamətdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın himayəsində 2007-ci ildə Bakıda təşkil edilən “Gənclər Sivilizasiyaların Alyansı uğrunda” Yüksək Səviyyəli Konfransı və bu təşəbbüsün 2011-ci ildə Bakıdakı Birinci Sivilizasiyalararası Forumu zamanı beynəlxalq gənclər hərəkatına çevrilməsini xüsusilə qeyd edib.
XXI əsrdə dünyadakı mövcud qlobal problemlər zəminində fərqli mədəniyyətlər və dinlər arasında dialoqun inkişaf etdirilməsinin və qarşılıqlı anlayış prinsiplərinə beynəlxalq ictimaiyyətin bütün üzvləri tərəfindən hörmət göstərilməsinin vacibliyinə diqqət çəkən E.İskəndərov bu baxımdan dünyada sülhün əldə olunması üçün sahib olduğu tolerantlıq irsinə istinad edərək, Azərbaycanın aktiv şəkildə fəaliyyət göstərməkdə qərarlı olduğunu bildirib. DQİDK sədri fərqli din və məzhəblərin nümayəndələrinin Azərbaycanda hər zaman dostluq və qardaşlıq içində yaşadığını qeyd edib və müasir müsəlman ölkəsi olaraq Azərbaycanın müxtəlif yerlərdə baş verən islamofobik hərəkətlərdən narahat olduğunu və bu baxımdan İslamı düzgün şəkildə dünyaya tanıdılmasında ən böyük məsuliyyətin müsəlmanların üzərinə düşdüyünü vurğulayıb.
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Al-Nassir Azərbaycanla əməkdaşlıq etməkdən məmnun olduğunu və bu əməkdaşlığın Fəaliyyət Planında razılaşdırılan konkret layihələrlə daha da genişləndirilməsi üçün işlərin davam etdiriləcəyini bildirib.
Fəaliyyət Planında əks olunan Azərbaycanla BMT Sivilizasiyaların Alyansı arasında birgə aparılacaq layihələr sülh, gənclərin inkişafı, dialoq, tolerantlıq və din adamlarının intellektual əməkdaşlıq fəaliyyətlərinin təmin edilməsi ilə yanaşı, İslam və Türk dünyası mədəniyyətinin tanıdılmasını da nəzərdə tutur.
/Apa/