Dünya Bankı Azərbaycana 300 milyon dollar ayırıb

Üç yeni kredit sazişi imzalanıb…

Üç yeni kredit sazişi imzalanıb.

Bu gün Dünya Bankı (DB) və Azərbaycan Respublikasının Hökuməti arasında ümumi məbləği 300 mln. ABŞ dolları təşkil edən üç yeni kredit sazişinin imzalanması mərasimi keçirilib.

Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, DB-nin Bakı ofisindən verilən məlumata görə, yeni maliyyələşdirmə Azərbaycanda ədliyyə xidmətlərinin müasirləşdirilməsi, kənd icmaları üçün infrastruktur xidmətlərinin təkmilləşdirilməsi və ölkə rayonlarında su-kanalizasiya şəbəkəsinin yenidən qurulması məqsədlərinə xidmət edəcək.

Azərbaycan Respublikası ilə DB arasında Mütərəqqi Ədliyyə Xidmətləri və Müasir Məhkəmə İnfrastrukturu Layihəsinə dair Borc Sazişi Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov, DB adından maliyyə qurumunun Azərbaycan üzrə ölkə meneceri Larisa Leşçenko tərəfindən imzalanıb.

Layihə üzrə DB borcunun məbləği 100 mln. dollar təşkil edir. Layihənin əsas məqsədi baza ədliyyə və hüquqi xidmətlərə əlyetərliyin yaxşılaşdırılması, bu xidmətlərin göstərilməsində ədalətliliyin gücləndirilməsi və şəffaflığın təmin edilməsi ilə Azərbaycanda ədliyyə sektorunun müasirləşdirilməsi prosesinin davam etdirilməsi məqsədi ilə hazırlanıb.

Azərbaycanla DB arasında Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə üçün Əlavə Maliyyələşdirməyə dair Borc Sazişi və “Meliorasiya və Su Təsərrüfatı” ASC ilə DB arasında Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə üçün Əlavə Maliyyələşdirməyə dair Layihə Sazişi Azərbaycanın maliyyə naziri Samir Şərifov, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə və L. Leşçenko tərəfindən imzalanıb.

Bu əlavə maliyyələşdirmənin məbləği 150 mln. dollar təşkil edir və onun məqsədi Siyəzən, Şabran, Ağsu, İsmayıllı, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonlarında daha çox ailənin keyfiyyətli və davamlı su təchizatı və kanalizasiya xidmətləri ilə əhatə olunmasından ibarətdir.

Azərbaycanla DB arasında İkinci Kənd İnvestisiyaları Layihəsinə Əlavə Maliyyələşdirməyə dair Borc Sazişi Azərbaycan adından kənd təsərrüfatı naziri Heydər Əsədov və L. Leşçenko tərəfindən imzalanıb.

Bu əlavə maliyyələşdirmənin dəyəri 50 mln. dollar təşkil edir və onun əsas məqsədi ölkənin kənd bölgələrində icma əsaslı infrastruktur xidmətlərinin göstərilməsini təkmilləşdirməkdən ibarətdir.

DB-nin Azərbaycanda hazırkı investisiya portfeli 18 layihədən ibarətdir. 1992-ci ildə DB-na üzv olduqdan sonra Azərbaycanın ümumilikdə 54 layihə üzrə öhdəlikləri 3,8 mlrd. dollar təşkil edir. 

www.oxu.az