Ekspert: Büdcə xərclərinin ixtisarı maaşların azaldılması istiqamətində olmayacaq – MÜSAHİBƏ

“Neftin qiyməti yenidən qalxacaq”…

“Neftin qiyməti yenidən qalxacaq”.

Oxu.Az “İqtisadi resursların öyrənilməsi” İB-nin sədri Ruslan Atakişiyevlə müsahibəni təqdim edir:

– Maliyyə nazirinin proqnozuna görə gələn il neftin qiyməti 90 dollardan aşağı olsa, büdcənin gəlirləri və xərclərində uzlaşma təmin ediləcək. Necə düşünürsüz, bu uzlaşma hansı fəsadlar törədə bilər? Uzlaşma dedikdə, büdcə xərclərində hansısa ixtisarların aparılması nəzərdə tutulurmu?

– Qeyd edək ki, ümumiyyətlə, son dövrlər beynəlxalq aləmdə baş verən siyasi proseslərin fonunda qiymət düşməsi müşahidə olunmaqdadır. Təbii ki, Azərbaycanda hal-hazırda dövlət büdcəsinin müzakirələri gedir. 2015-ci il üzrə dövlət büdcəmizdə neftin qiyməti 90 dollar nəzərdə tutulub. Təbii ki, ölkədə neft gəlirləri Dövlət Neft Fondunda toplanır. Hər il Dövlət Neft Fondundan dövlət büdcəsinə transfer həyata keçirilir. Onu da əlavə edim ki, neftin qiyməti 90 dollardan aşağı düşdüyü halda icraedici orqan kimi Maliyyə Nazirliyinin səlahiyyəti var ki, o hər hansı büdcə xərclərində uzlaşdırma həyata keçirsin. Belə olan halda 2015-ci ildə neftin qiyməti düşərsə onda xərclərə yenidən baxılsın, xərclər yenidən qiymətləndirilsin və ona uyğun ixtisarlar həyata keçirilsin. Hesab edirəm ki, qənaətli büdcə xərclənməsi azalma istiqamətində ola bilər.

– Bu uzlaşdırılma insanların maaş və pensiyalarının azalmasına gətirib çıxaracaqmı?

– Bu xərclərin aşağı düşməsi insanların maaş, pensiya, müavinətlərinin azaldılması istiqamətində olması nəzərdə tutulmur. Qeyd edim ki, infrastrukturun bərpasına, iqtisadiyyata, beynəlxalq layihələrə yönləndirilən investisiyaların həcmi azala bilər. 

– 2015-ci il üçün Azərbaycan büdcəsini neftin hansı qiyməti əsasında formalaşdırmaq məqsədəuyğundur?

– 80-85 dollar arasında formalaşdırmağı məqsədəuyğun hesab edirəm.

– Son üç ayda neftin qiymətinin büdcədə göstərilən səviyyədən 25% aşağı olması, 2014-cü ilin sonunda büdcə kəsirinin yaranmasına gətirib çıxaracaqmı?

– Ümumiyyətlə, qeyd edək ki, dövlət büdcəsinə baxanda görürük ki, xərclər son dövrlər gəlirlərə nisbətən aşağı olduğundan büdcə kəsiri qorxulu bir həddə deyil. 2014-cü ildə də keçən il olduğu kimi müəyyən qədər xərclərin gəlirləri ötməsi gözlənilir ki, bu da müvafiq olaraq hər il olduğu kimi müxtəlif kreditlərin alınması hesabına, daxili borclanma kimi məsələlər hesabına bağlanılır.

– Sizin fikrinizcə, 2015-ci, yaxud qarşıdakı illər üçün neftin qiymətində hansısa artım gözləmək olarmı? Çünki bəzi ekspertlərin fikrincə, bundan sonra neftin qiymətində əvvəlki illərdə olduğu kimi güclü artım müşahidə olunmayacaq. Səbəb kimi bazarın doyması, dünya iqtisadiyyatında artımın azalması, texnologiyaların müasirləşməsi göstərilir?!

– 2014-cü ilin əvvəlində beynəlxalq valyuta fondunun növbəti illər üzrə proqnozuna baxırdıq. Onlar neftin qiymətinin 100 dollar ətrafında dövr etdiyini göstərirdilər. Amma vəziyyət elə gətirdi ki, 2014-cü ildə bu qiymət aşağı düşməyə başladı. Neftin qiyməti iqtisadi amildən daha çox Ukrayna ətrafında baş verən proseslərlə bağlıdır. Qlobal bir məkan olduğuna görə sanksiyalar iqtisadiyyata da öz mənfi təsirini göstərir, amma hesab edirəm ki, bu səslənən rəqəmlər düşəcək və yaxud bunların çoxusu manevrlərdir. Bu vəziyyət OPEK ölkələrini də qane etməmək səviyyəsinə gəlib. Onlar neftin qiymətini neft istehsalının həcmini azaltmaqla qiymətləri artıra bilərlər. 

– Amerikalılar həyəcan təbili çalaraq qeyd edirlər ki, neftin bir barelinin qiymətinin 60 dollara enməsi halında ABŞ-da neft hasilatını dayandırmalı olacaqlar. Bu barədə hansı proqnozu verərdiniz?

– Dünya bazarındakı qiymətlər neftin faydalılıq dərəcəsindən, gəlirlilik marjından çoxdursa, o zaman onun hasilatını qısa müddətə, yaxud uzun müddət dayandırmaq haqqında qərar verə bilərlər. Bu, fundamental bir məsələdir. Ona görə qiymətin enməsi ilə bağlı bir məsələ deyil.


www.oxu.az