Erməni əsiri Azərbaycanda saxlanma şəraitindən danışdı

“Qidaya zəhər qatılacağından qorxaraq, ilk günlər yeməkdən imtina edib”…

“Qidaya zəhər qatılacağından qorxaraq, ilk günlər yeməkdən imtina edib”.

Bu gün ölkəsinə təhvil verilən Ermənistan vətəndaşı Xocayan Arsen Ananyeviç yerli jurnalistlərlə görüşündə Azərbaycanda saxlanma şəraitindən danışıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, A. Xocayan əsirlikdə saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayətinin olmadığını bildirib. 

Əsir Bakıda istintaq təcridxanasında saxlanıldığını bildirərək  dindirilmə zamanı onun hərbçi olub-olmadığı və Azərbaycan tərəfinə keçməsinin səbəbi araşdırıldığını deyib.

“A. Xocayanın sözlərinə görə, ona daim yemək verilib, lakin o, qidaya zəhər qatılacağından qorxaraq, ilk günlər yeməkdən imtina edib. Yatmaq üçün şərait də normal olub”, deyə nəşr yazır.

A. Xocayan, həmçinin, onun vətənə qaytarılmasında töhfəsi olan hər kəsə minnətdarlığını bildirib.

Qeyd edək ki Arsen Xocayan bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Qazax rayonu istiqamətində Ermənistan tərəfinə təhvil verilib.

A. Xocayan martın 7-də qoşunların təmas xəttini keçib. Dindirilmə zamanı o, qoyun otararkən səhvən Azərbaycan tərəfə keçdiyini bildirib. 

www.oxu.az