Erməni azərbaycanlı tələbəyə ömürlük həbs istədi

Artıq məhkəmənin iki iclası olub…

Artıq məhkəmənin iki iclası olub.

Ötən ilin noyabr ayında Ukraynada bir yerli vətəndaşın qətlində, birinin isə ağır yaralanmasında təqsirli bilinən azərbaycanlı tələbə Məhəmməd Arzu oğlu Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Oxu.Az  APA-ya istinadən xəbər verir ki, M.Abdullayevin də oxuduğu Odessa Milli Rabitə Akademiyasının beynəlxalq tələbə mübadilə şöbəsinin əməkdaşı, Azərbaycanlı Tələbələr Təşkilatının rəhbəri Həsən Əliyevin bildirdiyinə görə, artıq məhkəmənin iki iclası olub.

Azərbaycanlı tələbənin son məhkəmə iclasında məhkəmə istintaqı yekunlaşıb və milliyyətcə erməni olan dövlət ittihamçısı (prokuror) çıxışında qətlin milli zəmində baş verdiyini iddia edərək, yerli qanunvericiliyə əsasən M.Abdullayevə ömürlük həbs istəyib. Məhkəmə son qərarı növbəti iclasa saxlayıb.

H.Əliyev qeyd edib ki, məhkəmənin növbəti iclasının tarixi ölkədə baş verən hadisələrlə əlaqədar olaraq naməlum müddətə təxirə salınıb.

Qeyd edək ki, ötən il noyabrın 18-də axşam saatlarında Odessada azərbaycanlı tələbələrin daha çox qaldığı yataqxananın qarşısında baş verən kütləvi dava nəticəsində ölüm hadisəsi qeydə alınıb. Məhəmməd Abdullayev iki-üç azərbaycanlı tələbə ilə hansısa əyləncə mərkəzindən qayıdan zaman yataqxananın qarşısında taksidən düşdükdən sonra yerli sakin olan üç nəfər orta yaşlı şəxs sərxoş halda onların qarşısını kəsib. Nəticədə milli zəmində mübahisə düşüb və əlbəyaxa davaya çevrilib. Bu zaman M.Abdullayev haradansa əldə etdiyi bıçaqla onlardan ikisini bıçaqlayıb. Bıçaq sərxoş şəxslərdən birinin ürəyinə işlədiyi üçün o, yerindəcə ölüb. Hadisədən sonra Məhəmməd Abdullayev oxuduğu Akademiyadan xaric edilib.

www.oxu.az