Erməni deputat: Müsəlman qardaşınız İran da məmnundur

“Bu, hər zaman olub”…

“Bu, hər zaman olub”.

Bakıda keçirilən NATO Parlament Assambleyasının (PA) seminarının “İran və regional təhlükəsizlik” adlı hissəsində çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Siyavuş Novruzov bildirib ki, İran Azərbaycana qarşı işğalçılıq siyasəti aparan Ermənistanla bütün zamanlarda yaxın əməkdaşlıq edib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, S.Novruzovun dediyinə görə, İran ərazisindən separatçı Dağlıq Qarabağ rejiminə qaçaqmal silah və narkotik daşınması üçün tranzit kimi də istifadə olunur.

Ermənistan nümayəndə heyətinin üzvü Tevan Poqosyan isə Ermənistanın İranla ən yüksək səviyyədə əməkdaşlıq qurduğunu təsdiqləyib:

“Bu, hər zaman olub. Bundan müsəlman qardaşınız İran özü də məmnundur. Siz deyirsiniz ABŞ İranla münasibətlərə görə Azərbaycanı sıxır, amma biz də İranla sıx iş birliyindəyik, ABŞ ilə heç bir problemimiz yoxdur. İrana çox minnətdarıq ki, orada erməni kilsələri saxlanılır, erməni icması yüksək formada fəaliyyət göstərir. Sizin bu gün qardaş dediyiniz Türkiyə bir zamanlar sizə düşmən olub. Bəli, etiraf edirik ki, əsrin əvvəllərində biz Osmanlıya qarşı döyüşmüşük. Amma İkinci Dünya müharibəsində olduğu kimi, osmanlılara qarşı da azərbaycanlılar ermənilərlə bərabər döyüşüb. Çünki o vaxt türklər heç də azərilərlə qardaş deyildi”.

Erməni deputatın mövzudan kənara çıxması seminarın aparıcısı Oyars Eriks Kalnins tərəfindən dərhal dayandırılıb və Ermənistan nümayəndə heyətinə son xəbərdarlıq edilib:

“Siz neçə gündür istədiyiniz kimi proqramı pozub ciddi arqumentlərə əsassız və məsuliyyətsiz yanaşaraq burada bəyanatlar verirsiniz. Sizə bu hərəkətlərə son qoymaq üçün son xəbərdarlıq edilir. Mövzudan kənara çıxmayın”.

Bundan sonra Azərbaycan nümayəndə heyətinin üzvü Zahid Oruc söz alıb:

“Yaxşı ki, əsrin əvvəlində Osmanlıya qarşı müharibə apardığınızı etiraf etdiniz. Bu, sizin qondarma soyqırım hoqqalarınızın mahiyyətini sizin dilinizdən daha da aydınlaşdırdı. Biz türklərlə əsrin əvvəlindən yox, bəşəriyyət yaranandan qardaşıq və ən əsası da, sizə qoşulub Osmanlıya qarşı vuruşmağımız fikri böyük absurddur.

Çünki bizim heç bir xalqın əmlakında gözümüz olmayıb, o ki qala qardaş xalqda olsun. Əsrin əvvəlində Osmanlının Azərbaycan Xalq Cümhuriyyətinə dəstəyi faktı ən azı sizi gülünc vəziyyətində qoyur”.

www.oxu.az