“Əminliklə deyə bilərəm ki, tədbir uğurlu alındı”…
“Əminliklə deyə bilərəm ki, tədbir uğurlu alındı”.
Erməni tələbə Nyukaslda “Xocalıya ədalət” kampaniyasına dəstək verib.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, bunu Nyukasl Azərbaycan Tələbə Cəmiyyətinin sədri Orxan Seyidov deyib.
O.Seyidov bildirdi ki, fevralın 26-da təşkil etdikləri kampaniya universitetin ən böyük insan toplaşan məkanında – Nyukasl Tələbə Birliyi (Student Union) binasının qarşısında təşkil edilib:
“Bu il Nyukasldakı tələbələrin sayının çox olduğunu nəzərə alıb “Xocalıya ədalət” kampaniyasını geniş şəkildə təşkil etməyə qərar verdik. Kampaniya çərçivəsində petisiya da keçirdik və Böyük Britaniyanın dövlət qurumlarına, o cümlədən baş nazirinə müraciət etdik. Petisiyada 400 nəfərdən çox insan iştirak etdi.
Tədbiri universitetin ən böyük insan toplaşan məkanında – Nyukasl Tələbə Birliyi (Student Union) binasının qarşısında təşkil etdik”.
Böyük Britaniyadakı Azərbaycan səfirliyinin tədbirə dəstək verdiyini bildirən O.Seyidov vurğulayıb ki, səfirlik cəmiyyəti lazımi təbliğat-təşviqat materialları ilə təmin edib. Həmçinin qeyd edib ki, universitet də tent və stol-stulla təşkilatçıları təmin etməklə kampaniyaya öz dəstəyini nümayiş etdirib.
“Qeyd etməliyəm ki, kampaniyanın təşkilində 35 nəfər azərbaycanlı, gürcü və rus dostlarımız da köməklik göstərdilər. Əminliklə deyə bilərəm ki, tədbir uğurlu alındı.
Kampaniya çərçivəsində 1000 nəfərdən çox insan məlumatlandırıldı və qeyd etdiyim kimi petisiyaya 400-dən çox imza toplandı.
Ən maraqlısı isə o oldu ki, erməni əsilli bir tələbə kampaniyamıza dəstək verdi. Həmçinin kampaniyaya dünyanın müxtəlif ölkələrindən – Çin, CAR, Böyük Britaniya, Rusiya, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, BƏƏ, Hindistan, Fransa, ABŞ, Kanada, Malaziya və sairdən olan tələbələr dəstək verdilər”, – O.Seyidov qeyd etdi.
Orxan Seyidov onu da bildirdi ki, SOCAR-ın dəstəyi ilə daha bir tədbir keçirməyi planlaşdırırlar:
“Bu dəfə ölkəmizin mətbəxini, mədəniyyətini, musiqisini, tarixini, adət-ənənələrini tanıtmaq məqsədi ilə “Azərbaycan gecəsi” təşkil etmək niyyətindəyik. Tədbirə 200 nəfərdən artıq qonaq dəvət olunacaq və əsasən professorlar, universitetin idarə heyəti və xarici tələbələr təşkil edəcək. Qonaqlara Azərbaycanla bağlı təqdimat, milli rəqslərimiz, milli musiqimizlə yanaşı, mətbəximizin ləziz təamlarından dadmaq imkanı yaradılacaq”.
/oxu.az/