Son dövrlərdə İrəvanla Brüssel arasında münasibətlərin gərginləşdiyi haqqında informasiyalar yayılır. Bununla yanaşı, başqa tendensiyanın da müşahidə edildiyi barədə danışılır…
Son dövrlərdə İrəvanla Brüssel arasında münasibətlərin gərginləşdiyi haqqında informasiyalar yayılır. Bununla yanaşı, başqa tendensiyanın da müşahidə edildiyi barədə danışılır. Konkret olaraq, Avropa Ermənistanla müəyyən sahələrdə əməkdaşlığı inkişaf etdirir. Rusiyanın regionda daha fəal geosiyasi mövqe tutduğu bir vaxtda məsələnin bu tərəfi xeyli düşündürücü görünür.
Avropa İttifaqından ermənisayağı imtina
Ermənistanın xarici siyasətinin ziddiyyətləri özü ilə yanaşı, Cənubi Qafqazı da qeyri-müəyyənliklər qarşısında qoyur. Bir müddət özünü Avropaya inteqrasiya etmək istiqamətini seçmiş ölkə kimi aparan Ermənistan 2013-cü ilin sentyabrında qəfil Gömrük İttifaqını seçdiyini bildirdi. Bununla da regional miqyasda geosiyasi aspektdə çoxlu sayda suallar meydana gəldi. Ekspertlər rəsmi İrəvanın bu hərəkətində məntiqi və obyektiv davranış motivlərini görə bilmədilər.
Bu addıma Avropa İttifaqı və Amerikanın reaksiyası da maraqlı oldu. Öncə Brüssel İrəvanı ittiham etdi, sonra hədələdi və nəhayət, sakitləşdi. Vaşinqton rəsmi etirazını bildirməklə kifayətləndi. Moskva isə təmkinli susqunluğu ilə “bu oyunu udduğunu ” ifadə etdi. Ermənistan cəmiyyətində isə fikir ayrılığı yarandı. Avropa İttifaqına assosiativ üzvlüyə tərəfdar olanlar sərt şəkildə iqtidarı qınadı. Onlar rəsmi İrəvanı ciddi tənqid etdilər. Əsas arqument ondan ibarət idi ki, S.Sarkisyan dövlət maraqlarını satıb. Lakin iqtidar bütün bunlara sakit reaksiya verməklə mövqeyindən dönməyəcəyini çatdırdı.
2013-cü il dekabrın 24-də Moskvada Avrasiya Ali İqtisadi Şurasının iclasında Ermənistanın Gömrük İttifaqına üzv olması ilə bağlı “yol xəritəsi “nin təsdiq edilməsi mübahisələrə və tərəddüdlərə son qoydu (bax: В Москве утверждена дорожная карта по присоединению Армении к ТС / “İnterfax “, 24 dekabr 2013). Tədbirdən sonra Rusiya prezidenti bəyan edib ki, “…biz bu məsələni (Ermənistanın Gömrük Ittifaqına üzvlüyünü – müəllif) uzun müddət sandığa atmayacağıq ” (bax: əvvəlki mənbəyə).
Erməni tərəfi isə müqavilənin 2014-cü ilin may ayında imzalana biləcəyini bildirib. Bu barədə İrəvanda keçirdiyi mətbuat konfransında məlumat verən baş nazir T.Sarkisyan bunun üçün işçi qruplarının yaradıldığını və prosesin sürətlə getdiyini vurğulayıb. Rəsmi İrəvan bunları ölkənin Gömrük İttifaqına daxil olmaqdan əldə edəcəyi dividendləri təbliğ etməsi fonunda həyata keçirir.
Məsələn, prezident S.Sarkisyan Ermənistanla Rusiya arasında aviaəlaqələrin artaraq həftədə 139 dəfəyə çatdığını bildirib. Hazırda Ermənistanda 1300 Rusiya şirkəti fəaliyyət göstərir. Ermənistan prezidentinin dediyinə görə, iki ölkə arasındakı ticarət dövriyyəsi 1 milyard 300 milyon ABŞ dollarını keçib. Bu, Rusiyanın Ermənistan üçün əsas ticarət tərəfdaşı olması deməkdir (bax: Армения рассчитывает на привилегии и в ТС, и в ЕС / “Росбалт “, 2 dekabr 2013).
Moskva ilə İrəvan arasında baş verən bu cür yaxınlaşmanın fonunda Avropa İttifaqı ilə münasibətlərin tənzimlənməsi özlüyündə maraq doğurur. Çünki avropalılar, adətən, bu kimi tərəddüdləri bağışlamırlar. Lakin bu dəfə də Brüssel bizləri “orijinal obyektivliyi ” ilə təəccübləndirməkdədir. Məsələ ondan ibarətdir ki, Aİ Ermənistanla əlaqələrin inkişafı istiqamətində fəaliyyətini bərpa edib! Brüsseldə hesab edirlər ki, Rusiya ermənilərin təhlükəsizliyini təmin etməlidir. Hərbi sahədə Kremlin dominantlığı qəbul olunmalıdır.
Kremlin sərt baxışları altında
Erməni kütləvi informasiya vasitələrinin yaydığı məlumatlara görə, hazırda ölkədə Rusiya hərbi qüvvələrinin sayı artırılır. Gümrüyə əlavə qüvvələr yerləşdirilir. Ermənistan faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi poliqonuna çevrilib. Ekspertlər hesab edirlər ki, burada əsas məqsəd Rusiyanın Yaxın Şərq və İran məsələlərində daha çevik hərbi siyasət yeritməsi üçün Ermənistandan baza kimi istifadə etməkdən ibarətdir. Belə çıxır ki, Brüssel Cənubi Qafqazda Rusiyanın hərbi cəhətdən güclənməsi ilə barışıb. Digər tərəfdən, Aİ Moskvanın postsovet məkanı ölkələrinə maliyyə yardımı etməsinə də ciddi müqavimət göstərmir. Bunlar geosiyasi aspektdə nəyi ifadə edirlər?
Ekspertlərin qənaətinə görə, avropalılar “Şərq tərəfdaşlığı ” proqramı çərçivəsində fərqli siyasət yeritməyə başlayıblar. Onlar Rusiyanın üzərinə sərt şəkildə getməkdən imtina edirlər. Eyni zamanda, mehriban qonşuluq münasibətləri saxlamaq istədikləri ölkələrdə vətəndaş cəmiyyəti qurulması prosesinə daha çox dəstək vermək kursu götürüblər. Lakin bu əlamətlər daha çox Ermənistanla əlaqələrdə özünü göstərir.
Belə ki, son vaxtlar Brüssellə İrəvan arasında bir sıra sahələr üzrə razılaşmalar əldə edilib (bax: məs., Европарламент открыл для Армении доступ к европейским программам / “Росбалт “, 12 dekabr 2013; Евросоюз увеличил финансовую помощь Армении / “Росбалт “, 20 dekabr 2013). Viza məsələsinin sadələşdirilməsi, readmissiya, sosial, iqtisadi və siyasi islahatlara dəstək kimi aspektlərdə əməkdaşlıq haqqında razılıq əldə edilib. Maraqlıdır ki, bu proses nəinki zəifləyir, hətta son zamanlar bir qədər də intensivləşir (bax: Армения и ЕС продолжают переговоры / “Lragir.am “, 9 dekabr 2013). Bununla yanaşı, Aİ rəsmi İrəvanı insan hüquqlarına əməl etməyə çağırıb.
Təşkilatın genişlənmə məsələlərinə məsul olan komissarı Ştefan Füle Ermənistan hökumətini vətəndaş cəmiyyəti nümayəndələrini, hüquq müdafiəçilərini qorxutmamağa, bir sıra cinayət işlərini obyektiv araşdırmağa dəvət edib (bax: Фюле пообещал гражданскому обществу Армении поддержку со стороны ЕС / “Росбалт “, 9 dekabr 2013).
Ekspertlər Aİ-nin Ermənistana qarşı bu cür loyallığının arxasında xüsusi məqsədlərin dayandığı qənaətindədirlər. Onlar hesab edirlər ki, məsələ Qərbin Cənubi Qafqazda daha ehtiyatlı siyasət yeritməsinə bağlıdır. Çünki baş verən hadisələr göstərdi ki, Avropanı cəmiyyətlərdə müdafiə edən kəsimlər elə də güclü deyillər. Onlar Moskvanın atdığı addımlara qarşı müqavimət göstərə bilmirlər. Eyni zamanda, hansı ölkələrdə məhz vətəndaşların Avropa dəyərlərinə böyük inamı var, orada başqa geosiyasi güclərə qarşı etirazlar davamlı olur.
Ukrayna təcrübəsi bunu sübut etdi. Kiyevdə insanlar ən pis hava şəraitində belə meydanda qaldılar. Bu proses indi də davam edir. Lakin burada digər faktorlara da diqqət yetirmək lazımdır. Avropa İttifaqı maliyyə, hərbi və siyasi sahələrdə təşəbbüsü Rusiyaya verir, ancaq insanların şüuruna təsiri gücləndirir. Rəsmi İrəvana olan etirazlar, əsasən, insan haqları, söz azadlığı, cinayət işlərinin obyektiv araşdırılması kimi məsələlərlə bağlıdır. Görünür, Avropa İttifaqı faktiki olaraq Ermənistanla gələcək münasibətlərə hazırlaşır.
Region dövlətlərinin reaksiyası
Onu deməliyik ki, məsələ bununla tamamlanmır. Çünki Aİ-Ermənistan əlaqələrinə İrəvandan, Tehrandan, Ankaradan, Bakıdan və Moskvadan fərqli münasibətlər mövcuddur. Bütün bunları nəzərə almadan isə həmin mövzu haqqında tam təsəvvür əldə etmək mümkün deyildir. Ermənilər ənənəvi ambisiyalarından əl çəkməyiblər. Onlar hesab edirlər ki, Ermənistan həm Avropa İttifaqı, həm də Gömrük İttifaqı ilə münasibətlərdə imtiyazlara malik olmalıdır. Bunu açıqca yazırlar: “Ermənistan həm Aİ-də, həm də Gİ-də imtiyazlara ümid edir ” (bax: Армения рассчитывает на привилегии и в ТС, и в ЕС / “Росбалт “, 12 dekabr 2013). Erməni siyasətçilərin bu cür ərköyün mövqedə olmalarının psixoloji səbəbləri aydındır. Onlar tarixən yalnız kənar qüvvələrin hesabına nələrəsə ümid ediblər. Ancaq müasir milli dövlətçilik prizmasından yanaşanda isə reallıqda erməni siyasi şüurunun növbəti faciə mərhələsinə qədəm qoyduğunu görə bilərik.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, kiçik bir dövlətin sosial-iqtisadi, siyasi və mədəni inkişafını bir dövlətin, təhlükəsizliyinin təminini isə başqa ölkənin üstünə atması onun perspektivsizliyindən xəbər verir. Dünyada heç bir dövlət başqasının təhlükəsizliyinə daim təminat verə bilməz. Çünki müasir həyat elədir ki, hər şey sürətlə dəyişir. İrəvan Rusiyanın hərbi gücünə, Avropanın isə iqtisadi qüdrətinə arxalanıb, Cənubi Qafqazda imtiyazlı geosiyasi mövqe tutmağa çalışırsa, mənasız və ağılsız bir hərəkət edir. Dünyanın böyük geosiyasi gücləri hər şeydən əvvəl öz maraqlarını düşünürlər. Təsadüfi deyil ki, son zamanlar müxtəlif ekspertlər Qərb ölkələri və Rusiyanın Ermənistan istiqamətində yeritdikləri siyasəti təhlil edərkən fərqli mənzərələr alınır.
A.Ayvazyan “Ermənistanın müasir dünyada yeri ” adlı təhlili yazısında həmin məqamın bir çox aspektlərini ifadə edir (bax: Агарон Айвазян. О положении Армении в современном мире / “Фонд Стратегической Культуры “, 13 oktyabr 2011). Müəllif hesab edir ki, ABŞ, Fransa və Polşa İrəvana qarşı həmişə tam obyektiv mövqe tutmayıb. Məsələn, Amerikada ermənilərin cinayətkar qrupu darmadağın edilib və rəsmi Vaşinqton, ümumiyyətlə, diasporla tam anlaşa bilməyib. Guya erməni diasporu həmişə müstəqil mövqe tutduğundan ABŞ hakimiyyəti heç zaman sona qədər Ermənistanı müdafiə etməyəcək. Fransa və Polşa ilə əlaqələrdə bir qədər fərqli mənzərə olsa da, mahiyyətcə analoji vəziyyət yaranmışdır.
Bütün bunların fonunda A.Ayvazyan belə bir nəticə çıxarır ki, “Avropa və Amerika ermənilər üçün üfüqdə görünməyən bir məkandır. Ancaq Ermənistanın tarixi, siyasi-hüquqi, coğrafi, iqtisadi oriyentirləri onun yolunun Rusiyaya olduğunu göstərir… Xalq unutmur ki, erməni dövlətinin yaranması və mövcudluğu müstəsna olaraq Rusiyanın Cənubi Qafqazdakı missiyası ilə şərtlənmişdir ” (bax: əvvəlki mənbəyə). Təbii ki, bir müəllifin yazısı əsasında ümumi və qəti nəticə çıxarmaq inandırıcı görünmür. Lakin bir fakt şübhəsizdir ki, bu kimi qiymətləndirmələr az deyillər. Onlar bütövlükdə Ermənistanın müasir geosiyasi mühitdə çox ziddiyyətli və tərəddüdlü mövqe tutduğunu göstərir.
İndi hətta İran Rusiyanın Ermənistanla bağlı yeritdiyi enerji siyasətini qəbul etmək istəmir. Tehran İrəvana bildirib ki, daha ucuz qiymətə qaz sata bilər. Ekspertlərin fikrinə görə isə, Moskva Ermənistanı İran məsələsinə təsir imkanları aspektində ən qısa yol hesab edir. Problemin bu tərəfi ilə əlaqədar isə xeyli mürəkkəbliklər meydana gəlib.
Türkiyə mətbuatının Qətərin “Əl-Ərəb ” qəzetinə istinadən yaydığı informasiyada bildirilir ki, İrana ABŞ sərmayələri axmağa başlayıb (bax: Ali el Zafiri. Niçin Türkiye değil de İran? / “Zaman ” qəzeti, 29 dekabr 2013). Bu dəyişikliyin bütövlükdə Yaxın Şərqdə geosiyasi qüvvələr nisbətini pozacağı qənaəti vardır. O cümlədən, Amerikanın Səudiyyə Ərəbistanı, Türkiyə, Misir, Suriya kimi ölkələrə münasibətində yeniliklərin olacağı gözlənilir. Həmin kontekstdə Rusiya faktoru Qərb geosiyasəti üçün fərqli rakursda məzmun kəsb edə bilər. Məsələn, İranın strateji müttəfiq obrazı dəyişər və s. Bu halda Moskva necə hərəkət etməlidir? O, faktiki olaraq çoxməchullu riyazi formulu həll etməklə üz-üzə qalıb.
/sia.az/