Ermənistan-Azərbaycan: Vurulmuş helikopter böyük müharibəyə yol aça bilərmi?

“Səbir tükənib”…

“Səbir tükənib”.

“Mediafaks” İnformasiya Agentliyi şərhçisinin xahişi ilə erməni-Azərbaycan münaqişəsi regionundakı vəziyyəti aparıcı azərbaycanlı politoloqlar analiz ediblər:

Oxu.Az politoloq Oqtay Sadıxzadə və Rasim Ağayevin fikirlərini təqdim edir.

Oqtay Sadıxzadə:

“Azərbaycan ərazisinə soxulan helikopterin məhv edilməsinə dair qərarı qəbul edərkən beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edib. Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun davranıb. Həmin maddədə qeyd edilib ki, istənilən dövlət öz ərazisində su, hava, quru məkanında təhlükəsizliyi təmin etmək üçün vasitələrdən istifadə edə bilər.

Azərbaycanın hərəkətlərinin qanuni olmasını beynəlxalq cəmiyyətin reaksiyası da təsdiqlədi. Bu reaksiya yetərincə tarazlaşdırılmış idi. KTMT-nin reaksiyasına gəldikdə isə, onun Ermənistanın xeyrinə göstərdiyi dəstək tamamən simvolik idi.

Çətin ki, KTMT Ermənistana həqiqətən yardım etməyə hazırlaşa. Azərbaycanın düşmən helikopterini vurmaq qərarı məcburi addım idi. Ermənistan Qarabağ və ona yaxın yeddi rayonun işğalını davam etdirməklə, məsuliyyətsiz siyasət yürüdür. İrəvanda başa düşməlidirlər ki, gec-tez bu işğala son qoyulacaq.

Əgər razılığa gəlmək mümkün olmasa Azərbaycanın Qarabağ münaqişəsini hərbi yolla həll etmək üçün hüququ var. Yeri gəlmişkən, bu təxribatın məhz indi, İrəvanda müxalifətin prezident Serj Sarkisyanın istefasını tələb etdiyi zaman baş verməsi təsadüfi deyil. Helikopter ilə bu təxribat ictimai diqqəti sosial problemlərdən Azərbaycan ilə hərbi qarşıdurmaya çəkmək üçün lazım idi.

Rasim Ağayev politoloq (Bakı):

“İyirmi ildən artıqdır ki, Ermənistan Dağlıq Qarabağı və ona yaxın yeddi Azərbaycan rayonunu cəzasız şəkildə işğal edir. Bu dövr ərzində Ermənistan, özünün oyuncaq bir dövlət olduğunu və Azərbaycan ilə hərbi münaqişə zamanı böyük məğlubiyyətə uğrayacağını unudur.

Bütün bu 20 il ərzində Azərbaycan səbir və təmkin nümayiş etdirib, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair beynəlxalq razılaşmalara riayət edib. Amma bu səbir artıq bitib. Erməni ekstremistləri bir aksiomanı qəbul etməlidirlər: Qarabağda müharibə bitməyib, sadəcə dayandırılıb. Azərbaycanın hərbi potensialı Ermənistanın müdafiə arsenalından bir neçə dəfə üstündür.

Amma yenə də, Bakı Ermənistan ilə münaqişənin sülh yolu ilə həllində maraqlıdır. Hal-hazırda Azərbaycan və Ermənistan prezidentləri arasında dialoq bərpa edilib, Parisdə keçirilən son görüş isə beynəlxalq ictimaiyyət və vasitəçilər tərəfindən ümidverici qarşılanıb. Hərbi ritorikadan imtina etmək və əlaqələrin bərpası barədə razılıqlar əldə edilmişdi.

Amma, görünüşə baxılırsa, Serj Sarkisyan aqressiv bəyanatlardan imtina edə bilmir, belə ki, kürsüsünün laxladığından qorxur. Azərbaycanın öz ərazisində uçuşlar üçün qadağa qoyması tamamən məntiqə uyğundur. Azərbaycan bunu etmək hüququna malikdir, belə ki, Ermənistanın işğal etdiyi ərazilər Azərbaycanın hüququ altındadır. Beləliklə də, Ermənistanın istənilən helikopteri və təyyarəsi, Azərbaycanın işğal edilmiş ərazisi üzərində Azərbaycan HHM qüvvələri tərəfindən məhv edilə bilər.

www.oxu.az