Erməni deputat: Rusiyanın boyunduruğu altında qalmaq daha yaxşıdır

“Ruslar olmasa idi, biz Qarabağı necə saxlaya bilərdik?”…

“Ruslar olmasa idi, biz Qarabağı necə saxlaya bilərdik?”.

Ermənistan Rusiyadan ayrıla bilməz. Əgər o kiminsə ağalığı altında qalmalıdırsa, Rusiyanın boyunduruğu altında qalması daha yaxşıdır.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, Ermənistanın Respublika Partiyasının (ERP) deputatları Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olmasına səs vermələrini belə açıqlayıblar.  

Respublikaçı deputat Seyran Saroyan İttifaqın adını belə dəqiq xatırlamayıb. O, Avrasiya İqtisadi İttifaqını Avropa İttifaqı və Avropanın məşhur “Avronyus” kanalı ilə səhv salıb.

“Axı, siz bizim Avropa İttifaqına, “Avronyus”a, nə bilim Avrasiya İttifaqına daxil olmağımıza niyə belə narahatsız… Deyək ki, 2 kq daha artıq kolbasa yeyəcəksiz, nə dəyişəcək?” – o soruşub.

Generalın sözlərinə görə, Ermənistanın vətəndaşları bu gün Rusiyaya qazanc dalınca gedərkən, onları oradan heç kimin geri qaytarmaması artıq böyük nailiyyətdir.

“Bilirsiz, Rusiyada nə qədər erməni işləyir. Ora xalqımızın rahat getməsi, pul qazanması, onların polis tərəfindən deportasiya edilməməsi artıq böyük işdir”, – Saroyan deyib.

Digər respublikaçı deputat Mger Sedrakyan fikrini daha açıq şəkildə bildirərək, Avrasiya İttifaqına qoşulmaq barədə qərarın lehinə səs verməsini belə izah edib:

“Rusiyanın boyunduruğu altında qalmaq daha yaxşıdır”.

“Rus xalqı olmadan yaşaya bilmərik, siz bunu anlamırsız, sadəcə sual verirsiz. Biz nə edərik? Bizim xalqımız həyatı boyu yadların hakimiyyəti altında olub, biz alışmışıq, başımızın üstündə kim isə olmalıdır – farslar, türklər, ruslar… Məgər rusların hakimiyyəti altında olmaq pisdir?”, – digər erməni deputatı Mger Sedrakyan deyib.

“Biz onlarla olmasaq, bizi yeyəcəklər”, – deyə, Sedrakyan bildirib.

Jurnalistlərdən birinin Ermənistanın 1991-ci ildə müstəqil olduğunu xatırlatmasına Sedrakyan belə etiraz edib:

“Qısa bir zaman kəsiyi, lakin 1991-ci ildən sonra nə olub? Qarabağda qalib gəldik, amma torpaqları kim saxladı? Ruslar olmasa idi, biz Qarabağı necə saxlaya bilərdik? Bizim ordumuz rusların köməyi ilə Qarabağı saxladı. Ruslar olmasa idi, Qarabağı necə işğal edərdik”, – deyə, Sedrakyan bildirib.

“İqtisadiyyatı bilmirəm, amma bu ilk növbədə bizim təhlükəsizliyimizdən irəli gələn məsələdir”, – deyə, o bildirib.

ERP-dən olan digər deputat-biznesmen Samvel Alkesanyan da Avrasiya İttifaqına daxil olmağın lehinədir.

O, erməni sahibkarların istifadə edə biləcəkləri iqtisadi imkanlardan danışıb:

“Biznes daha da genişlənəcək, Rusiyada bazarımız daha böyük olacaq, imkanlarımız artacaq”.

Samvel Aleksanyan Aİİ-dan çox böyük gözləntiləri olsa da, o, nə özünün, nə də arvadının bizneslə məşğul olmadığını iddia edir.

“Mənim arvadım bizneslə məşğul olmur, biz hamımız siyasətlə məşğuluq”, – Aleksanyan deyib.

www.oxu.az