Azərbaycanın işğal olunmuş ərazilərində şəhər salmaq ideyası ermənilər tərəfindən böyük bir səhv olar. Bu barədə Trend-ə cümə günü “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ” İctimai Birliyinin sədri Bayram Səfərov bildirib.
Bayram Səfərov bildirib ki, 100 minlik əhalisi olan şəhər salmağa Ermənistan Respublikasının ən azından iqtisadi gücü çatmaz.
“İmkanı olsaydı, öz xaraba qalan ərazilərini bərpa edərdi “, – o deyib.
Ermənistan mətbuatının yaydığı məlumata görə, cümə günü Yerevan şəhərində Qarabağda 100 min nəfərlik əhalisi olacaq yeni bir şəhərin yaradılması üzrə layihənin təqdimatı keçirilib. Zəngilan rayonunun ərazisində yerləşəcək şəhərin ilkin versiyaya görə adı Baqaran olmalıdır.
İcma sədri hesab edir ki, bu ideyanı Ermənistanda yaşayanlar diaspordan pul toplamaq üçün uydurub… Trend.