Ermənistan öz separatçı niyyətlərinin və ambisiyalarının qurbanına çevrilərək, Cənubi Qafqazdakı iqtisadi, siyasi və sosial inkişafdan geri qalıb. Trend-in məlumatına görə, bunu bazar günün Batumidə jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
“Cənubi Qafqaz elə bir regiondur ki, burada bir xalqın xoşbəxtliyi digər xalqın bədbəxtliyi üzərində qurula bilməz. Bir xalqın yüksək sürətlə inkişaf etməsi, digər xalqın çox çətin vəziyyətdə yaşaması Cənubi Qafqaz üçün çətindir “, – Həsənov deyib.
PA rəsmisi bildirib ki, regiondakı etnik münaqişələr həll olunmasa, Cənubi Qafqazın birliyindən söhbət gedə bilməz.
“Cənubi Qafqazın inkişafını təmin etmək üçün ermənilər öz separatçı iddialarından əl çəkməlidirlər. Cənubi Qafqazdakı digər münaqişələri yaradan qüvvələr öz iddialarından əl çəkməlidirlər və Cənubi Qafqaz xalqları birlikdə öz gələcəklərini təmin etməlidirlər “, – Həsənov bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır… Trend.