Fransa deputatlarının Dağlıq Qarabağa səfəri qeyri-rəsmi xarakter daşıyıb – Fransa XİN

Fransa deputatlarının Dağlıq Qarabağa səfəri rəsmi xarakter daşımır və deputat qrupunun şəxsi təşəbbüsü ilə həyata keçirilib. Fransa Milli Yığıncağının deputat qrupunun Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına qanunsuz səfəri ilə bağlı Azərbaycanın etiraz notasına cavab olaraq Fransa Xarici İşlər Nazirliyindən belə şərh verilib.
“Fransa tərəfi rəsmən mövqeyini təsdiq edib. Mövqe ondan ibarətdir ki, bu səfər Fransa Milli Yığıncağının Milli müdafiə və silahlı qüvvələr komissiyasının sədri, “Xalq hərəkatı uğrunda İttifaq ” parlament fraksiyasının üzvü Gi Tesyenin təşəbbüsü ilə həyata keçirilib. O, Marselin iki rayonunun meridir və orada erməni icması kompakt şəkildə yaşayır. 2012-ci ildə Fransanın qanunvericilik orqanına seçkilərin keçiriləcəyini nəzərə alaraq, Tesye xal toplamağa çalışır ” – Trend-ə çərşənbə axşamı Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov deyib… Trend.az