Fransız səfiri erməniləri qəzəbləndirdi

“Bu, fikir deyil…”…

“Bu, fikir deyil…”.

Fransanın ABŞ-dakı səfiri Jerar Aronun uydurma “erməni soyqırımı” ilə bağlı ABŞ-ın NBC telekanalına açıqlaması Fransadakı ermənilərin etirazına səbəb olub. 

Oxu.Az-ın news.am-a istinadən verdiyi xəbərə görə, Fransadakı erməni məsələsi üzrə büro Fransanın xarici işlər naziri Loran Fabiusa etiraz məktubu göndərib. 

Səfir Aro Fransada Holokost (yəhudi soyqırımı) və “erməni soyqırımı”nı inkar etməyin qanunla qadağan olunduğu halda, nə üçün islam əleyhinə karikaturalar çəkilməklə provokasiya törədilməsinə icazə verildiyi barədə sualı belə cavablandırıb:

“Əslində “erməni soyqırımı”nı inkar etməyin qadağan olunması haqda qanun yoxdur. Holokostun inkarı ilə bağlı qanun var, çünki bu, fikir deyil, Holokost doğrudan da baş verib.

“Holokost olmayıb” deməklə siz hansısa fikir ifadə etmirsiniz, çünki bu, faktdır. Fransada Holokostu inkar etməkdən başqa hər şeyə icazə var. Əlbəttə, insanı ləkələyən məlumatlardan başqa”.     

Fransadakı Erməni Bürosunun məktubunda isə deyilir ki, Fransa təmsilçisinin bu fikirləri dövlətin rəsmi mövqeyinə ziddir, çünki Fransa rəsmi şəkildə “erməni soyqırımı”nı tanıyıb. Məktub müəllifləri səfirin bu sözlərinə rəsmi münasibət bildirilməsini xahiş ediblər.

Amerika Erməni Milli Komitəsi isə Fransanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə çağırıb.

www.oxu.az