Gəncədə Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşü başa çatıb

Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin Gəncə şəhərində keçirilən üçtərəfli görüş başa çatıb…

Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin Gəncə şəhərində keçirilən üçtərəfli görüş başa çatıb.

 

APA-nın qərb bürosunun xəbərinə görə, hazırda nazirlər Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşürlər.

 

Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı keçirəcəyi və Gəncə Bəyannaməsi qəbul edəcəyi gözlənilir.

 

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və Gürcüstanın xarici işlər naziri Maya Pancikidze bu gün Azərbaycana gəliblər. Gəncədə Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin əvvəlcə ikitərəfli, sonra isə üçtərəfli görüşləri keçirilib.

 

 

***

11.15

 

 Gəncə şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin ayrı-ayrılıqda ikitərəfli görüşləri başlayıb.

 

APA-nın yerli müxbirinin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

 

O bildirib ki, təkbətək görüşlərdən sonra geniş tərkibdə üçtərəfli görüş olacaq. Nazirlərin Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşü də nəzərdə tutulub. Daha sonra mətbuat konfransı keçiriləcək.

 

Bu gün Gürcüstanın Gəncədə yeni konsulluq binasının açılış mərasimi də olacaq. Nazirlərin açılış mərasimində iştirakı gözlənilir.

 

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və Gürcüstanın xarici işlər naziri Maya Pancikidze bu gün Azərbaycana gəliblər. Gəncədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun iştirakı ilə üç ölkə XİN rəhbərlərinin üçtərəfli görüşü keçirilir.

/Apa/