“YUNESKO bu cür məsələlərin baxılması üçün məhkəmə deyil”.
Kilsələrin bu və ya digər dini quruma mənsubluğu Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə daxil deyil. Bu barədə Gürcüstanın mədəniyyət naziri Mixail Giorqadze Ermənistan tərəfinin Gürcüstanda olan 450 kilsənin Erməni Apostol Kilsəsinə məxsus olması tələbi ilə YUNESKO-ya müraciətini şərh edərkən bildirib.
Oxu.Az-ın Gürcüstan KİV-nə istinadən verdiyi məlumata əsasən, nazir qeyd edib ki, kilsələrin dini mənsubluğunun müəyyən edilməsi nazirliyin səlahiyyətləri xaricindədir.
“Bu siyahıda göstərilən abidə və digər mədəni irs abidələrinə biz, abidələr kimi yanaşırıq və dini mənsubiyyətinə baxmayaraq onların qayğısına qalırıq,” – nazir deyib.
Xatırladaq ki, Ermənistan Gürcüstanda olan təxminən 450 kilsənin erməni kilsəsi kimi tanınması tələbi ilə YUNESKO-ya müraciət edib. Məlumata əsasən, müvafiq müraciəti YUNESKO-ya Erməni Apostol Kilsəsinin Gürcüstan Yeparxiyası təqdim edib.
Gürcüstanın Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyinin rəhbəri Nikoloz Antidze məsələ ilə bağlı bildirib ki, YUNESKO mədəni irsin mənsubluğunu həll edə bilən məhkəmə deyil.
“YUNESKO bu cür məsələlərin baxıldığı məhkəmə deyil. Gürcüstan ərazisində erməni kilsələri var, lakin onların sayı barədə heç nə deyə bilmərəm. Lakin düşünmürəm ki, onların sayı çoxdur, ” – deyə, Antidze bildirib.