“Regiona nəqletmə üçün etibarlı kanallar lazımdır”…
“Regiona nəqletmə üçün etibarlı kanallar lazımdır”.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Davosda keçirilən Ümumdünya İqtisadi Forum çərçivəində yanvarın 23-də iştirak etdiyi müzakirələrdə Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin əhəmiyyətini vurğulayıb.
Oxu.Az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, Qaribaşvili “Avropanın sərhədyanı iqtisadi regionları” mövzusunda keçirilmiş müzakirə iştirakçılarını Gürcüstan hakimiyyətinin yeni ticari və iqtisadi marşrutlarla bağlı baxışları ilə tanış edib.
“Avropanın sərhədyanı iqtisadi regionlarının iqtisadi, siyasi və mədəni qarşılıqlı əlaqəsi günü- gündən artır. Ümumi ərazilərdə kommunikasiya marşrutlarının gücləndirilməsinin Avrasiya regionunun davamlı inkişafında böyük əhəmiyyəti var. Regiona Çindən Avropaya məhsulların nəql olunması üçün tez, sərfəli və etibarlı kanallar lazımdır”, – deyə Qaribaşvili bəyan edib.
Onun sözlərinə görə, bu nöqteyi-nəzərdən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi xüsusilə aktualdır. Layihənin məqsədi Türkiyə və Gürcüstan arasında birbaşa marşrut olmaqla Avropa və Asiyanı birləşdirməkdir. Layihə həyata keçəndən sonra Çindən Avropa bazarlarına məhsulların nəqletmə vaxtı təxminən iki dəfə azalacaq, məsafə isə təxminən 7.5 min kilometr qısalacaq.