Hərbi prokuror: Qeyri-hərbi cinayətlərin sayı çoxalıb

Hərbi hissəni özbaşına tərk etmə halları baş verməyib…

Hərbi hissəni özbaşına tərk etmə halları baş verməyib.

2014-cü ildə Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olub, hesabat dövründə qeydə alınmış cinayətlərin 99,5 faizi açılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun geniş kollegiya iclasında hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

Hərbi prokuror deyib ki, 2013-cü ilə nisbətən ötən il Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qeydə alınmış cinayətlər 9,4 faiz, o cümlədən hərbi xidmət əleyhinə cinayətlər 13 faiz, tabelik qaydası əleyhinə 19,4 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma 17,1 faiz, fərarilik 33,3 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma 18,2 faiz, qəsdən sağlamlığa zərər vurma 33,3 faiz, qəsdən adam öldürmə 7 faiz, xuliqanlıq 75 faiz azalıb.

Xanlar Vəliyevin sözlərinə görə, hərbi hissəni və xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə halları baş verməyib. Hərbi birləşmələrdə törədilmiş bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub. Cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla yaradılmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, eləcə də hələ ilin əvvəlindən planlaşdırılmaqla, il ərzində mütəmadi həyata keçirilmiş müxtəlif xarakterli birgə tədbirlərin çox böyük əhəmiyyəti olub. Bununla yanaşı, ötən il bəzi cinayətlərin cüzi artımı qeydə alınıb, 2013-cü illə müqayisədə qeyri-hərbi cinayətlərin sayı 1,7 faiz çoxalıb.

O, həmçinin bildirib ki, hərbi prokurorluq orqanları tərəfindən 2014-cü ildə korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görülərək bu xarakterli faktlar üzrə 105 şəxs barəsində 58 cinayət işinin istintaqı tamamlanaraq təqsirkar şəxslər məhkəmə məsuliyyətinə verilib.

www.oxu.az