“Azərbaycanda bizim həm dostlarımız, həm də maraqlarımız var“…
“Azərbaycanda bizim həm dostlarımız, həm də maraqlarımız var“.
İki həftə öncə İsrailin tanınmış “Haaretz” qəzetində israilli sosioloq Yair Oronun “Soyqırımın təkrarlanmasına yol verməmək üçün Azərbaycana silah satmaq olmaz” adı altında təxribat xarakterli məqaləsi dərc olunub.
Bu məqaləyə cavab olaraq “Haaretz” qəzetində Azərbaycan-İsrail əməkdaşlığı və Azərbaycanın Cənubi Qafqazda rolu ilə bağlı iki məqalə dərc edildi. Bu gün isə “Haaretz” qəzetində “Azərbaycan İsrail üçün çox vacib ölkədir” (http://www.haaretz.co.il/opinions/.premium-1.2481975) adlı üçüncü məqalə çap olunub. Bu məqalənin müəllifləri Hayfa Universitetinin Cənubi Qafqaz üzrə aparıcı mütəxəssisləri, beynəlxalq münasibətlər sahəsində israilli ekspertiArye Qut və israilli tarixçi, doktor Emil Abramovdur.
Məqalə müəllifləri qeyd edirlər ki, sosioloq Oronla mübahisə etmək fikrində deyillər, fəqət azərbaycanlılarla ermənilər arasında münaqişə haqqında bəzi faktlar təqdim etmək istəyirlər. “Əsrlər boyu Cənubi Qafqaz münaqişələr və ziddiyyətlər regionu olub. Birinci dünya müharibəsinin başlanması ilə ermənilər Osmanlı imperiyasında öz hüquqlarının genişləndirilməsini tələb etməyə başladılar və bu məqsədlə Rusiyaya türklərə qarşı vuruşmağa yardım etdilər.
Burada qondarma erməni soyqırımı məsələsini müzakirə etmək yeri deyil, sadəcə xatırlatmaq lazımdır ki, 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələrin azərbaycanlılarla heç bir əlaqəsi yoxdur” – məqalə müəllifləri qeyd edirlər.
Arye Qutun və Emil Abramovun sözlərinə görə, Rusiya imperiyasının xarabalıqları üzərində üç müstəqil dövlət – Azərbaycan, Ermənistan və Gürcüstan yaradılıb. “Həmin dövrdə, Azərbaycan paytaxtı olan Bakı, bolşeviklər və onun müttəfiqləri olan erməni daşnakları tərəfindən işğal edilmişdi. 1918-ci ilin mart ayında erməni daşnakları Bakıda dinc azərbaycanlılara qarşı etnik qırğınlar və soyqırım törədiblər. Həmin ilin sentyabrında Bakı Türkiyənin dəstəyilə azad edildi.
Azərbaycanın və Ermənistanın müstəqil mövcud olduğu iki il ərzində müharibələr nəticəsində həm ermənilər, həm də azərbaycanlılar həlak olublar. Regionun Qırmızı Ordu tərəfindən tamamilə işğalından sonra münaqişə 1920-ci ildə sona yetmişdi. Köhnə ədavət, artıq XX əsrin 80-ci illərində Sovet İttifaqının dağılması dövründə xalqlar arasında növbəti dəfə qopdu. Azərbaycanın muxtar vilayəti olan Dağlıq Qarabağda erməni separatçıları Ermənistana birləşmək tələbi ilə çıxışlar etməyə başladı. Bu dövrdə ermənilər, Ermənistanda yaşayan yüz minlərlə azərbaycanlını öz dədə-baba torpaqlarından didərgin saldılar. Sonda bu azərbaycanlılar Ermənistandan Azərbaycana deportasiya edilib”- məqalə müəllifləri vurğulayırlar.
Öz məqaləsində sosiologiya professoru Oron bildirib ki, “Ermənistanda daxili gərginlik mövcuddur və bu təhlükə, Azərbaycanın hərbi qüdrətinin artması fonunda ermənilər ziyan çəkəcək və növbəti Azərbaycan-Ermənistan münaqişəsi olan halda azərbaycanlılar ermənilərə qarşı etnik təmizləmə siyasəti aparacaqlar”.
Arye Qut və Emil Abramovun fikrincə, tamamilə aydındır ki, israilli sosioloq Azərbaycanın Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğını haqqında heç vaxt eşitməyib. “20 il bundan öncə Dağlıq Qarabağda məhz ermənilər tərəfindən etnik təmizləmə siyasəti aparılıb və bir milyon azərbaycanlı min illərlə yaşadıqları torpaqlarından qovulub və didərgin düşüb. Biz əminik ki, ermənilər Orona Azərbaycanın Xocalı şəhəri haqqında heç bir şey söyləməyiblər.
Xocalı şəhəri cəmi bir gecə ərzində yerlə-yeksan edilərək yandırılıb. Artıq tarixi faktdır ki, erməni silahlı qüvvələri şəhəri və onun ətraflarını tərk etməyə macal tapmamış xocalılara aman verməyib. Erməni silahlı birləşmələrinin vəhşiliyi nəticəsində 613 adam qətlə yetirilib, 487 adam əlil olub, 1275 dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək görünməmiş işgəncələrə, təhqirlərə və həqarətlərə məruz qalıblar. Mindən artıq yerli sakin girov götürülüb, daha 150 nəfərin taleyi indiyədək məlum deyil” – məqalə müəllifləri qeyd edirlər.
Arye Qut və Emil Abramov qeyd edirlər ki, sosioloq Oron Ermənistandakı mürəkkəb vəziyyəti təsvir edib. Ermənilər İsraillə Azərbaycan arasında olan təhlükəsizlik və hərbi münasibətlərdən qorxur və yeni müharibənin başlanmasından çəkinirlər.
“Biz israillilər kimi bununla fəxr edirik ki, Azərbaycanda heç zaman antisemitizm olmayıb. İki il əvvəl Bakıda Cənubi Qafqazın ən böyük yəhudi təhsil mərkəzi inşa edilib. Azərbaycan əhalisinin əksəriyyəti müsəlman təşkil etsə də dünyəvi ölkədir ki, burada multikulturalizm həyat tərzidir, orada dini etiqad azadlığı tam mövcuddur. Azərbaycanda yaşayan 20 min yəhudi bununla fəxr edirlər ki, onlar müstəqil Azərbaycanın vətəndaşlarıdır. Maraqlıdır, bu gün Ermənistanda nə qədər yəhudi yaşayır?” – deyə məqalə müəllifləri sual verirlər.
Arye Qutun və Emil Abramovun sözlərinə görə, 22 il ərzində Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışır, eyni zamanda ölkə rəhbərliyi vətəndaşlarının ümumi rifahını və inkişafını yaxşılaşdırmaq məqsədi ilə lazım olan bütün tədbirləri görür.
“Bu gün Azərbaycanda onlarca neft və qaz şirkətlərinin, habelə kənd təsərrüfatı sahəsində, müdafiə, turizm, tibb və xay-tek, o cümlədən İsrail şirkətlərinin sabit və rahat çalışması üçün hər cür şərait var. 20% Azərbaycan torpaqlarını işğal etdiyinə görə Cənubi Qafqaz regionunda təcrid edilmiş Ermənistan, Xəzər dənizinin qaz və neft ehtiyatları ilə bağlı əsas geosiyasi və geoiqtisadi layihələrdən praktiki olaraq kənarda qalıb. Məhz buna görə də Ermənistanda xarici investisiyaların yatırımı demək olar ki, yoxdur. Bu səbəbdən Ermənistan əhalisi ölkəni tərk edib Türkiyəyə, İrana və Rusiyaya qaçır” – məqalə müəllifləri Arye Qut və Emil Abramov qeyd edirlər.
“Azərbaycan ordusunun modernləşdirilməsinə qoyulan maliyyə investisiyaları ilk öncə Azərbaycanın, Cənubi Qafqaz regionu liderinin taktikasıdır ki, Azərbaycan dövləti hərbi aspektdə özünü möhkəmlətmək üçün bunu həyata keçirir. Azərbaycan rəhbərliyi dəfələrlə Ermənistana münaqişənin sülh yolu ilə həllini təklif edir – işğal edilmiş ərazilərin qaytarılması və qaçqınların öz evlərinə qaytarılması müqabilində. Azərbaycan müharibə istəmir, lakin o, Ermənistanla indiki statusu-kvo ilə heç vaxt razılaşmayacaq” – Arye Qut və Emil Abramov vurğulayıblar.
Sonda məqalə müəllifləri vurğulayırlar ki, Azərbaycan İsrail dövlətinin Cənubi Qafqaz regionunda çox mühüm və strateji partnyorudur. “Azərbaycan İsrailin əsas neft və qaz tədarükçülərindən biridir, bir çox İsrail şirkətləri Azərbaycanda fəal və səmərəli işləyir, İsrail iqtisadiyyatına öz töhfələrini verirlər. Biz öz milli maraqlarımız haqqında düşünməliyik. Vaxtilə Böyük Britaniyanın xarici işlər naziri Lord Palmerston deyib: Bizim dostlarımız yoxdur, yalnız maraqlarımız var.
Biz isə deyirik: Azərbaycanda bizim həm dostlarımız, həm də maraqlarımız var” – beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qut və israilli tarixçi doktor Emil Abramov yekunlaşdıraraq bildirib.