Qarabağın və ətraf rayonların Ermənistanın işğalı altında olması barədə məlumat verilib…
Qarabağın və ətraf rayonların Ermənistanın işğalı altında olması barədə məlumat verilib.
Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə bu ölkədə keçirilən Azərbaycan Mədəniyyət Günləri çərçivəsində növbəti tədbir dekabrın 8-də Drezdendə təşkil olunub.
Oxu.Az AzərTAc-a istinadən bildirir ki, Drezdenin məşhur “Albertinum” muzeyində keçirilən tədbirin iştirakçıları Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərini dinləyiblər.
Tədbiri açan səfir Pərviz Şahbazov mədəniyyət axşamının Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirildiyini vurğulayıb. Diplomat ölkəmizin inkişafı, Azərbaycan-Almaniya münasibətlərinin tarixi kökləri və hazırki vəziyyəti haqda tədbir iştirakçılarına məlumat verib. Səfir özündə Qərb ilə Şərq mədəniyyətlərini birləşdirən Azərbaycanın zəngin mədəni irsi, dünya musiqisinə verdiyi töhfələr, ölkəmizdə klassik və müasir musiqinin inkişafından, qazanılan nailiyyətlərdən danışıb. O, həmçinin xalqımızın musiqi beşiyi olan Qarabağın və ətraf rayonların Ermənistanın işğalı altında olması barədə məlumat verib.
Tədbirin aparıcısı Azərbaycanda mövcud olan alman irsi, eləcə də respublikamızın birinci xanımı Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkəmizdə və xaricdə mədəni irsin qorunub saxlanması, mədəniyyət münasibətlərinin təşviq olunması və gənclərin təhsil almaq imkanlarının yaxşılaşdırılması üçün həyata keçirdiyi işlər barədə məlumat verib. Aparıcı məşhur bəstəkar Qara Qarayevin adını daşıyan Azərbaycan Dövlət kamera orkestrinin də fəaliyyətindən geniş söhbət açıb.
Tədbir iştirakçılarına, həmçinin Heydər Əliyev Fondunun yeni nəşri olan, Berlin Humboldt Universitetində “Azərbaycan tarixi” kafedrasının müdiri, professor Eva Maria Auxun yaxından iştirakı ilə hazırlanan “Azərbaycanda alman irsi” kitabı təqdim edilib. Eyni zamanda, “Azərbaycanda alman izləri” adlı fotosərgi və “Almaniya bir rəssamın gözü ilə” mövzusunda keçirilən rəsm müsabiqəsi qaliblərinin əsərlərindən ibarət sərgi nümayiş etdirilib.
Tədbirdə Drezden Şəhər Bələdiyyəsinin üzvləri, Saksoniya torpağı parlamentinin deputatları, Drezden Filarmoniyasının direktoru Anselm Roze, Drezden Muzeylər Birliyinin direktoru Qizbert Porstman, şəhərin Sənaye və Ticarət Palatasının idarə heyətinin üzvü Helmut Qolts, Drezden Rəssamlıq Akademiyasının rektoru Matias Flüqe, Drezden Dövlət Muzeyinin direktoru Erika Eşebax, Drezden Operasının direktorluğunun üzvü Solvayq Ekert, Almaniyada akkreditə olunmuş diplomatik korpusun və KİV-lərin nümayəndələri, habelə Saksoniya torpağının müsəlman, pravoslav və yəhudi dini icmalarının rəhbərləri iştirak ediblər.