İcra Hakimiyyəti: Girov götürülən 43 kəlbəcərlinin taleyindən hələ də xəbər yoxdur

“İşğal olunmuş ərazilərdə ermənilər məskunlaşdırılır”…

“İşğal olunmuş ərazilərdə ermənilər məskunlaşdırılır”.

Bu gün Kəlbəcər rayonunun işğalının 21-ci ildönümü ilə bağlı rayon ictimaiyyəti Şəhidlər Xiyabanını ziyarət edib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovun jurnalistlərə açıqlamasında bildirdiyinə görə, 5 il blokada vəziyyətində yaşamış strateji əhəmiyyətə malik Kəlbəcər rayonunun işğalı zamanı 511 mülki şəxs qəddarlıqla qətlə yetirilib, 2500 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, əlil olub, 165 nəfər girov götürülüb. A.Məmmədov bu girovlardan 122 nəfərin geri qaytarıldığını, 43 nəfərin taleyindən hələ də bir xəbər olmadığını bildirib.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da Kəlbəcər rayonunun işğalı ilə bağlı 822 saylı qətnamə qəbul etsə də, Ermənistan hələ də bu qətnaməyə məhəl qoymur, dünya birliyi də buna göz yumur:

“Əksinə, Ermənistan işğal olunmuş ərazilərdə ermənilərin məskunlaşdırılması siyasətini həyata keçirir, tarixi abidələrimiz məhv edilir, bir qismi isə erməniləşdirilir”.

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı kəlbəcərlilərin sosial-iqtisadi problemlərinin həllinin daim dövlətin diqqət mərkəzində olduğunu söyləyib. O qeyd edib ki, Kəlbəcər işğal edilən zaman rayonun 60 minə yaxın sakini olub. Hazırda sayı 72 minə çatan kəlbəcərlilər Azərbaycanın 56 rayonunun 800-dən artıq yaşayış məntəqəsində məskunlaşıb:

“3200 ailə yeni tikilən qəsəbədə mənzillərlə təmin olunub. Bu yaxınlarda yataqxana şəraitində yaşayan 1400 kəlbəcərli Gəncə şəhərində tikilən yeni qəsəbədə mənzillərlə təmin edildi. Bütün bunlara baxmayaraq, biz ata-baba yurdlarımıza qayıtmaq arzusu ilə yaşayırıq.

Prezident İlham Əliyev də həmin qəsəbəni ziyarət edən zaman bəyan etdi ki, Azərbaycan dövləti güclənir, zaman çatacaq, Kəlbəcərdə, Şuşada, Laçında, Xankəndidə Azərbaycan bayrağı dalğalanacaq, bir qarış torpağımızı da düşmənə verməyəcəyik və işğal olunmuş torpaqlarımızda bundan da gözəl qəsəbələr tikəcəyik. Biz o günü gözləyirik”.

www.oxu.az