İlham Əliyev: Azərbaycan xalqın iradəsi ilə idarə olunur

“Biz bütün məqsədlərə çatacağıq”…

“Biz bütün məqsədlərə çatacağıq”.

Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev su elektrik stansiyası ilə birgə Şəmkirçay su anbarının açılış mərasimində iştirak edib.

Oxu.Az AzərTAc-a istinadən bildirir ki, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə dövlətimizin başçısına Şəmkirçay su anbarının planı, Şəmkirçay magistral suvarma kanallarının sxemi, Şəmkirçay üzərində dəryaçanın tikintisinin əsas göstəriciləri, bəndin baş planı və digər qurğular barədə ətraflı məlumat verdi.

Prezident İlham Əliyevə Azərbaycandakı mövcud su anbarlarının xəritəsi nümayiş etdirildi.

Dövlətimizin başçısı su elektrik stansiyası ilə birgə Şəmkirçay su anbarının açılışını bildirən düyməni basdı.

Prezident İlham Əliyevə su elektrik stansiyası barədə məlumat verildi. Qeyd edildi ki, stansiyanın gücü 25 meqavat olacaq. Stansiyada ildə 56 milyon kilovat elektrik enerjisinin istehsalı nəzərdə tutulur.

Sonra dövlətimizin başçısına Şəmkirçay su anbarı, əsas hidrotexniki qurğular, o cümlədən magistral kanallar barədə məlumat verildi. Zəngin təbiəti ilə seçilən bu ərazidə 2008-ci ildən bəri peşəkarcasına və beynəlxalq standartlara uyğun olaraq böyük həcmdə iş aparılıb.

Bildirildi ki, gil nüvəli mərkəzi bəndin daha möhkəm və etibarlı olması üçün daş-qaya materialından istifadə edilib. Şəmkirçay su anbarının ümumi su tutumu 164,5 milyon kubmetr, faydalı həcmi isə 156,3 milyon kubmetrdir. Şəmkirçay su anbarı bəndinin nüvə hissəsindən hündürlüyü 196 metrdir. Layihəyə əsasən orta illik su ehtiyatı 265,2 milyon kubmetr olan Şəmkirçay çayının sularını bu anbarda nizamlamaqla ildə 207,9 milyon kubmetr sudan istifadə olunacaq. Layihəyə uyğun olaraq su anbarında nəqledici, qəza sutullayıcı və təzyiqli enerji tunelləri tikilib.

Diqqətə çatdırıldı ki, Şəmkirçay su anbarında yığılan suyu əkin sahələrinə nəql edəcəkəsas magistral kanal, sağ və sol sahil magistral kanalları, həmçinin maşın kanalı üçün qidalandırıcı kanal inşa olunub. Ən müasir standartlara cavab verən həmin kanallar açıq dəmir-beton üzlüklüdür. Dövlətimizin başçısının tapşırığına əsasən aparılan dəqiqləşdirmə nəticəsində Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarında su təminatı yaxşılaşdırılacaq 54 248 hektar və yeni suvarılacaq 17 147 hektar torpaq sahələrinin olduğu müəyyənləşdirilib. Şəmkirçay su anbarından Gəncə və Şəmkir şəhərlərinə, Samux rayonunun Nəbiağalı qəsəbəsinə saniyədə 1,6 kubmetr su verməklə əhalinin içməli su təchizatı yaxşılaşdırılacaq. Layihənin əhatə etdiyi ərazidə ekoloji vəziyyət əsaslı şəkildə yaxşılaşacaq. Ümumilikdə, Şəmkirçay su anbarı regionların sosial-iqtisadi inkişafına olduqca vacib töhfədir və müstəqillik illərində reallaşdırılan ən mühüm layihələrdən biri kimi Azərbaycanın müasir tarixində mühüm yer tutacaq.

Sonra dövlətimizin başçısı mərasim iştirakçıları ilə görüşdü.

Şəmkirçay su anbarının istifadəyə verilməsi münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev dedi:

– Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Biz bu gün Şəmkirçay su anbarının açılışını qeyd edirik. Bu münasibətlə sizin hamınızı ürəkdən təbrik edirəm.

Beş il əvvəl biz burada bu nəhəng infrastruktur obyektinin təməl daşını qoyduq. Beş il ərzində çox gərgin iş aparılıb və bu işin nəticəsində biz bu gün bu gözəl infrastruktur obyektinin açılışını qeyd edirik. Bu işin icrasında iştirak etmiş bütün insanlara – inşaatçılara, mühəndislərə minnətdarlığımı bildirirəm. Bu, Azərbaycanın gələcək inkişafı, iqtisadi inkişafımız üçün əvəzolunmaz bir infrastruktur obyektidir.

Şəmkirçay su anbarı, su elektrik stansiyası, su kanalları vahid bir kompleks təşkil edir. Bu infrastruktur obyektinin fəaliyyəti nəticəsində ölkə iqtisadiyyatına, kənd təsərrüfatına, sahibkarlığın inkişafına çox böyük dəstək veriləcək. Bu su anbarının fəaliyyəti nəticəsində 54 min hektar torpaqda suvarma yaxşılaşdırılacaq, 17 min hektar torpaq isə yenidən suvarılacaq. Yəni, bu, kənd təsərrüfatının inkişafı üçün çox böyük əhəmiyyət daşıyan obyektdir. Fermerlər bundan səmərəli şəkildə istifadə etməlidirlər. Əminəm ki, belə də olacaq. Yeni suvarılacaq sahələrdə bəri başdan düzgün planlaşdırma işləri aparılmalıdır ki, orada hansı məhsullar yetişdiriləcək, o məhsullar hansı bazarlara ixrac olunacaq. Yəni, hesab edirəm ki, biz bu məsələlərə indidən kompleks şəkildə yanaşmalıyıq və əslində artıq müəyyən işlər görülmüşdür. Bu gün Şəmkir rayonunda böyük aqroparkın təməli də qoyulacaq və əgər bu su anbarı tikilməsə idi, əlbəttə ki, o aqropark da tikilməzdi. Çünki oraya da çox böyük həcmdə investisiya qoyulacaq və əsas şərt suvarılan ərazilərdir.

Bu, çox böyük investisiyatutumlu layihədir. 700 milyon manatdan çox dövlət vəsaiti qoyulmuşdur və Taxtakörpü su anbarından sonra qeyri-neft sektoruna qoyulan ikinci böyük investisiyadır. Biz keçən ilin sonunda Taxtakörpü su anbarının və kanalların açılışını qeyd etmişdik. O, 1 milyard manat dəyərində olan layihədir. Bu gün isə biz Şəmkirçay su anbarının açılışını qeyd edirik. Bu iki mühüm layihə əlbəttə ki, bugünkü Azərbaycanın gücünü və bizim siyasətimizin istiqamətini göstərir. Çünki bu gün kənd təsərrüfatını, sahibkarlığı inkişaf etdirmək üçün dövlət tərəfindən böyük vəsait qoyulur, böyük işlər görülür. Dövlət qeyri-neft sektorunun inkişafına böyük investisiyalar qoyur. Sahibkarlığın inkişafı üçün hər il güzəştli şərtlərlə kreditlər verilir. Son illərdə iqtisadiyyatın real sektoruna kredit şəklində 200 milyon manatdan çox vəsait qoyulub. 

Sahibkarlığı inkişaf etdirmək üçün hər il mənim rəhbərliyimlə geniş müşavirə keçirilir, həm siyasi dəstək verilir, həm iqtisadi məsələlər öz həllini tapır. İnfrastruktur layihələri, – elektrik stansiyaları, kənd yolları, içməli su layihələri, – bütün bu layihələr ölkəmizin çoxşaxəli inkişafını təmin edir və regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tərkib hissəsidir. 

Bildiyiniz kimi, birinci proqram 2004-cü ildə qəbul edilmişdir. Hazırda üçüncü proqram icra edilir. 2018-ci ilə qədər ölkəmizdə üçüncü proqramın icrası nəticəsində əsas infrastruktur və sosial məsələlər həllini tapacaqdır. 

Kənd təsərrüfatının, sahibkarlığın inkişafı isə bizim üçün prioritet istiqamətlərdir. Biz ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin etməliyik. Bu istiqamətdə çox önəmli addımlar atılır. Özümüzü əsas ərzaq məhsulları ilə 100 faiz təmin etmək üçün biz artıq bu hədəfə yaxınlaşırıq. Ərzaq təhlükəsizliyimizin tam şəkildə təmin edilməsi, ixrac potensialımızın artırılması gələcəkdə həm iş yerlərinin yaradılmasına, eyni zamanda, insanların rifah halının yaxşılaşmasına xidmət edəcəkdir. 

Hazırda biz yeni ixrac bazarlarına çıxmaq üçün çalışırıq. Yeni imkanlar var və biz bu imkanlardan səmərəli şəkildə istifadə etməliyik. Əlbəttə ki, kənd təsərrüfatı məhsullarımızı ixrac bazarlarının mümkün olan və gələcəkdə mümkün olacaq potensialına da uyğunlaşdırmalıyıq. Bütün işlər planlı şəkildə aparılır. İlk növbədə, daxili tələbat 100 faiz daxili istehsal hesabına təmin edilməlidir. Bununla paralel olaraq biz yeni bazarlara və ənənəvi bazarlara daha böyük həcmdə məhsulla çıxmalıyıq. Beləliklə, növbəti illərdə kənd təsərrüfatının inkişafı dinamik olacaq, bölgələrdə iş yerləri açılacaq, işsizlik daim çox aşağı səviyyədə olacaq. Görülən tədbirlər və xüsusilə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində bu gün Azərbaycanda işsizlik 5 faiz səviyyəsindədir. Son 10 il ərzində 1 milyon 300 min yeni iş yeri açılmışdır ki, bu da özlüyündə ölkəmiz üçün böyük imkanlar yaradır.

Sahibkarlığın inkişafı diqqət mərkəzindədir. Hesab edirəm ki, sahibkarlar da bu gözəl imkanlardan istifadə edəcəklər. Biz bu gün paralel olaraq su elektrik stansiyasının açılışını qeyd etdik. Bu da çox gözəl layihədir. Azərbaycan öz enerji təhlükəsizliyini tam şəkildə təmin etmişdir və bu gün başqa ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirak edir, böyük rol oynayır. Bu rol getdikcə artacaq, ancaq, eyni zamanda, biz çalışmalıyıq ki, öz enerji güclərimizi artıraq, o cümlədən bərpa olunan enerji növləri hesabına. Bu istiqamətdə də böyük işlər görülür. Su elektrik stansiyaları tikilir. Artıq kiçik olsalar da, günəş elektrik stansiyaları tikilməkdədir. Ancaq bərpa olunan enerji növləri arasında əlbəttə ki, hidroenergetika prioritet təşkil edir. Son illərdə bir neçə gözəl layihə icra edilmişdir. Taxtakörpü su anbarında 25 meqavat gücündə elektrik stansiyası fəaliyyətə başlamışdır. Füzuli rayonunda 25 meqavat gücündə stansiya tikilmişdir. Naxçıvanda, Ordubad rayonunda böyük stansiya tikilmişdir. Naxçıvan Muxtar Respublikasını demək olar ki, 100 faiz bərpa olunan enerji növləri ilə təmin etmək üçün böyük işlər görülmüşdür. Biz artıq bu məqsədə də çox yaxınıq. Bu gün burada, Şəmkirdə 25 meqavat gücündə su elektrik stansiyası fəaliyyətə başlayır. Yeni stansiyaların tikintisi də mümkündür və biz bu məsələlərə də baxacağıq. Biz burada bu obyektin enerji potensialını bəlkə də 45 meqavata çatdıra bilərik. Bu, əlbəttə ki, ekoloji cəhətdən ən təmiz, eyni zamanda, ən ucuz enerji növüdür. Bu, bizə imkan verəcək ki, neft-qaz resurslarımızı xarici bazarlara daha da böyük həcmdə ixrac edək.

Bax, Azərbaycan dövlətinin bu işlərə yanaşması bundan ibarətdir. Biz enerji, nəqliyyat təhlükəsizliyimizi təmin etmişik. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan üzərindən keçir. Böyük infrastruktur layihələrini icra etmişik.

Yeni dəniz ticarət limanı.Onun birinci hissəsi artıq fəaliyyətə başlamışdır. Yeni gəmilər alınır. Dəmir yoluna, hava nəqliyyatına böyük investisiyalar qoyulur. Yeni aeroportlar tikilir,ən müasir təyyarələr alınır, yeni marşrutlar açılır. Bakı-Tbilisi-Qars dəmir yolu.Bu da tarixi layihədir, artıq reallaşır, onun başa çatmasına az qalıb. Yəni, nəqliyyat infrastrukturu bundan ibarətdir.

Coğrafi vəziyyətimiz elədir ki, biz nəinki regionda, dünya miqyasında nəqliyyat mərkəzi olmalıyıq.Bu yaxınlarda Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması vəŞərq-Qərb qədim ipək yolunun bərpası üçün önəmli qərarlar verilmişdir. Bununla yanaşı, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyi bizim əsas məsələlərimizdir.Bu məsələlərin həlli, həmçinin regional əməkdaşlığa da böyük təkan verəcək.

Azərbaycan regional əməkdaşlıq məsələlərində lider rolunu oynayır. Burada nəqliyyat, energetika, təbii qaz layihələri əlbəttə ki, üstünlük təşkil edir və bütün bu məsələlər nəticədə regional təhlükəsizliyin möhkəmlənməsinə xidmət göstərir. Bir daha demək istəyirəm ki, Azərbaycanda bütün bu işlərə dövlət dəstəyi verilir. Bütün bu layihələr planlı şəkildə icra edilir. Şəmkirçay su anbarının, elektrik stansiyasının və su kanallarının tikintisi ilə bağlı hələ 2005-ci ildə mən Sərəncam imzalamışdım. Ondan sonra işlər başlanmışdır.Texniki-iqtisadi əsaslandırma hazırlanmışdır. Xarici podratçı kontraktorlar seçilmişdir və işlər başlamışdır.

Ancaq uzunmüddətli strategiyanı düzgün müəyyən etdikdə biz gözəl nəticələrə çata bilərik. Çünki bu nəhəng infrastruktur layihələri çox vaxt aparır. Ona görə 2005-ci ildə Sərəncam imzalandı, 2009-cu ildə işlər başladı, 2014-cü ildə isə biz artıq bu layihənin başa çatmasını qeyd edirik. Bu, yüzilliklər ərzində Azərbaycana xeyir gətirəcək, iqtisadi potensialımızı möhkəmləndirəcək. Əlbəttə ki, su kanallarının tikintisi bundan sonra da davam etdirilməlidir. Hazırda tikilən kanallar dediyim həcmdə yeni torpaq sahələrini əhatə edəcək. Ancaq yeni, gələcək planlar var və biz suvarılan torpaqların həcmini daha da artıra bilərik. Kanalların tikintisi nəticəsində təqribən iyirmi, bəlkə də otuz min hektar əlavə torpaq sahəsi suvarıla bilər. Bu layihə dörd rayonunsahəsini əhatə edir – Şəmkir, Göygöl, Samux, Goranboy. Bu rayonlarda kənd təsərrüfatının inkişafı əlbəttə ki, bu layihənin icrası nəticəsində daha da sürətlə gedəcək. Bir məqamı da qeyd etmək istəyirəm, eyni zamanda, bu layihədən insanlar da içməli su kimi istifadə edəcəklər. Şəmkir və Gəncə şəhərlərinə, o cümlədən Samux rayonunun bir neçə yaşayış məntəqəsinə içməli su veriləcək. Bu, təmiz içməli sudur, keyfiyyətlidir, təbiidir və bu layihədə böyük Şəmkirçay kompleksinin tərkib hissəsidir.

Suvarma, meliorasiya, kənd təsərrüfatı, sahibkarlıq, enerji təhlükəsizliyi, içməli su, yəni, insanların sağlamlığı və inkişaf. Bax, budur bir layihədə cəmləşən amillər.Bir daha onu demək istəyirəm ki, ancaq Azərbaycan dövlətinin güclü iradəsi, düşünülmüş siyasəti, planlı şəkildə apardığı siyasət nəticəsində bu layihələrin icrası mümkün olmuşdur. Dünyada maliyyə və iqtisadi böhran davam edir. İnvestisiya qoyuluşu böyük dərəcədə aşağı düşüb. Bəzi ölkələrdə maliyyə böhranı kəskinləşir. Neft-qaz ilə zəngin olan ölkələr də yəqin ki, neftin qiymətinin kəskin şəkildə düşməsindən narahatdırlar, bu da təbiidir.

Ancaq buna baxmayaraq, Azərbaycan böyük infrastruktur, investisiya layihələrini icra edir. Nə üçün? Çünki bizim xalqımıza, dövlətimizə lazımdır. Dövlətimiz daha da güclü olmalıdır. İqtisadiyyat daha da çoxşaxəli olmalıdır. Neft-qaz amilindən asılılıq daha da azalmalıdır. Biz bu layihələrin icrası ilə bir daha göstəririk ki, ancaq müstəqillik dövründə Azərbaycan sürətlə inkişaf edə bilər. İki yüz ilə yaxındır ki, Azərbaycan nefti dünyada tanınır. Hasilatın əvvəlində dünya üzrə neftin bəlkə də 70 faizi Azərbaycanın payına düşürdü. İkinci Dünya müharibəsi zamanı Azərbaycan nefti sovet enerji potensialının 70-80 faizini təşkil edirdi.

Ancaq Azərbaycan müstəqilliyə qovuşanda bizim vəziyyətimiz necə idi?! Neft sənayesi dağılmış vəziyyətdə idi. Köhnə yataqlarda iş getmirdi. Hər tərəf ekoloji fəlakətə bənzəyirdi. Bakının ətrafını yada salaq. Bibiheybət mədənləri bir ekoloji fəlakət idi. Qaraşəhər, Böyükşor gölü, digər Balaxanı mədənləri nə gündə idi?! Yəni, bizə, müstəqil dövlətə bu qaldı. Neftin hasilatı kəskin şəkildə aşağı düşmüşdü. Biz özümüzü təbii qazla təmin edə bilmirdik. Baxmayaraq ki, sovet vaxtında Azərbaycandan təbii qaz həm Ermənistana, həm Gürcüstana ötürülürdü, biz isə təbii qazı xaricdən almağa başlamışdıq. Bu idi müstəqilliyimizin əvvəlində müşahidə olunan mənzərə. Ona görə bir daha demək istəyirəm ki, biz buna ancaq müstəqillik dövründə nail ola bilmişik. Çünki bizim taleyimiz öz əlimizdədir. 

Azərbaycan xalqı söz sahibidir. Azərbaycan xalqın iradəsi ilə idarə olunur. Azərbaycan dövləti lazım olan belə nəhəng layihələri xalqımız, dövlətimiz üçün icra edir və bundan sonra da edəcək. Çünki biz güclü dövlətik. Biz son illərdə iqtisadi və siyasi islahatlar nəticəsində dünya miqyasında böyük hörmət qazanmışıq. Davos İqtisadi Forumunun hesablamalarına görə biz rəqabətqabiliyyətlilik üzrə dünya miqyasında 38-ci yerdəyik. Biz beynəlxalq nüfuz qazanmışıq və iki il dünyanın ən mötəbər qurumu – BMT Təhlükəsizlik Şurasının üzvü kimi fəaliyyət göstərmişik və prinsipial ədalətə, beynəlxalq hüquqa söykənən mövqeyimizi orada ifadə etmişik. Budur müstəqilliyin nəticələri və Azərbaycan xalqı bunu görür, bilir, qiymətləndirir.

Biz xalq üçün, dövlətimizin möhkəmləndirilməsi üçün çalışırıq və bundan sonra da çalışacağıq. Əminəm ki, gələcəkdə belə böyük layihələrin sayı artacaq. Bizim böyük planlarımız var. Gələcəyə baxışlarımız çox nikbindir. Azərbaycanın inamlı, sürətli inkişafı davam edəcək və biz bütün məqsədlərə çatacağıq.

Mən bu gözəl gündə bu nəhəng infrastruktur obyektinin tikintisində iştirak etmiş bütün dostlara, yoldaşlara bir daha minnətdarlığımı bildirirəm. Bütün Azərbaycan xalqını Şəmkirçay su anbarı kompleksinin açılışı münasibətilə ürəkdən təbrik edirəm. Sağolun.

Dövlət başçısı Şəmkir rayonuna səfəri çərçivəsində çörək zavodunun açılışında da iştirak edib.

Prezident İlham Əliyevin 2014-cü ili “Sənaye ili” elan etməsi ilə əlaqədar olaraq sənayeləşmə siyasəti çərçivəsində qeyri-neft sektorunun şaxələndirilməsi, mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet məhsulların istehsalı sahələrinin yaradılması, regionların sənaye potensialının gücləndirilməsi və sənayenin innovasiyalar əsasında inkişafının təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Belə tədbirlərdən biri də Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, dövlətin güzəştli kreditləri hesabına çörəkbişirmə sənayesində ən müasir texnologiya və avadanlıqlar tətbiq edilməklə regionlarda və Bakı şəhərinin qəsəbələrində müasir çörək zavodlarının yaradılmasıdır. Bu məqsədlə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 108 milyon manat, gündəlik istehsal gücü 820 tona yaxın olan 27 çörək zavodunun tikintisinə, ən müasir texnologiya və avadanlıqlarla təchiz edilməsinə 49 milyon 500 min manat güzəştli kredit verilib. Bu çörək zavodlarından gündəlik istehsal gücü 437 ton olan 12-si Bakı şəhərinin qəsəbələrində, gündəlik istehsal gücü 382,5 ton olan 15-i isə regionlardadır. Dünyanın aparıcı şirkətlərinin müasir texnologiya və avadanlıqları əsasında qurulmuş gündəlik istehsal gücü 695 ton olan 21 çörək zavodu artıq istifadəyə verilib. Bakı və Sumqayıt şəhərlərində ən müasir texnologiyaların tətbiqinə əsaslanan belə iri çörək zavodlarının fəaliyyətə başlaması bu şəhərlərdə istehlakçıların 70-75 faizini yüksək keyfiyyətli, müxtəlif çeşiddə çörək və çörək məhsulları ilə təmin etməyə imkan yaradıb. Respublikanın regionları arasında ilk dəfə olaraq ən müasir avadanlıqlarla təchiz olunmuş və böyük istehsal gücünə malik olan çörək zavodu Şəmkir rayonunda inşa edilib.

Müəssisənin maketi ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, 2,8 hektar ərazidə inşa olunmuş və dəyəri 20,5 milyon manat olan zavodun yaradılmasına İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 7,5 milyon manat güzəştli kredit verilib. Ərzaq təhlükəsizliyinin və əhalinin keyfiyyətli çörək məhsulları ilə təmin edilməsi məqsədilə çörək zavodu dünyanın bu sahədə məşhur şirkətlərinin ən son texnologiyaları əsasında qurulub. Məhsul buraxılışında istifadə olunan su bir neçə mərhələdə süzgəcdən keçirildikdən sonra bütün xammal – su, un, duz, şəkər, maya və s. xüsusi laboratoriyada yoxlanılır və yalnız bundan sonra istehsal prosesinə buraxılır. Bu da sanitar-gigiyenik normalara əməl edilməklə, yağdan istifadə olunmadan yüksək keyfiyyət standartlarına cavab verən çörək və müxtəlif çeşidli digər məmulatların istehsalına şərait yaradır.

Prezident İlham Əliyev zavodu işə saldı.

İstehsal prosesini izləyən dövlətimizin başçısına məlumat verildi ki, çörək və kruasan bölmələrindən ibarət olan bu zavodda ölkəmizdə ilk dəfə Niderlandın “Daub” şirkətinin termoyağlı boru xətləri tətbiq olunub ki, bu da çörəyin daha yüksək keyfiyyətli bişirilməsini təmin edəcək. Müəssisədə 4 çörək istehsalı, qablaşdırma xətləri, xammalın daşınması və avtomatik bölgüsü sistemi olan anbar quraşdırılıb.

Zavodda “Nəfis çörək” brendi ilə ilkin olaraq 15 növ – sosial, baton, baton kəpəkli, kərpic dietik, kərpic çovdar, tost, dairəvi alman çovdar çörəyi, fransız bageti, türk batonu, borodin çörəyi, rus Baltik çörəyi, rus karavayı, litva çörəyi, duzbucaqlı və üzümlü çiabatta çörəkləri, həmçinin müxtəlif çeşidli bulka və bulka məhsulları istehsal olunacaq. Gələcəkdə məhsulların növləri artırılacaq. Gündəlik layihə gücü 50 ton olan zavodda istehsal prosesi tam avtomatlaşdırılıb. Un xüsusi nəqliyyat vasitələri ilə zavoda gətirilərək hər birinin tutumu 30 ton olan 4 anbara boşaldılır. Bu andan etibarən istehsal prosesi başa çatanadək məhsula insan əli dəymir. Çörəklər növündən asılı olaraq xüsusi xətt vasitəsilə 60-180 dəqiqə ərzində soyudularaq bütöv və ya doğranmış formada qablaşdırılır ki, bu da məhsulun istifadə müddətini 48 saatadək artırır.

Hazır məhsullarla tanışlıq zamanı Prezident İlham Əliyevə bildirildi ki, müasir texnologiyanın tətbiqi enerji məsrəflərinin azalmasına və məhsulun maya dəyərinin aşağı olmasına imkan verir. Bunun nəticəsində istehlakçılara daha münasib qiymətlərlə yüksək keyfiyyətli çörək məhsulları təqdim edilir. Hazır məhsulların istehlakçılara çatdırılması üçün ixtisaslaşdırılmış 8 nəqliyyat vasitəsi alınıb və satışın həyata keçirilməsi üçün 15 brend mağaza yaradılır. Zavodda ikinövbəli iş rejimi tətbiq edilməklə, ümumilikdə 100-dək yeni iş yeri açılıb.

Prezident İlham Əliyev müəssisənin potensialından səmərəli istifadə edilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi. 

15.11.2014 16:15

Azərbaycan prezidenti İlham Əliyev Şəmkir rayonuna səfəri çərçivəsində “Şəmkir Aqropark”ın təməlqoyma mərasimində iştirak edib.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, aqropark Şəmkirçay çayı üzərində yerləşəcək.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev prezidentə “Aqropark” inkişaf konsepsiyası barədə məlumat verib. Bildirilib ki, bu konsepsiya ölkənin ixrac potensialının artırılmasında və coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kiçik və orta fermerlərin innovativ qabiliyyətinin artırılmasında, intensiv metodların geniş tətbiqində, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşmasında, yüksək məhsuldarlığın əldə olunmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayacaq. Eyni zamanda, aqroparkla “Zəyəm Texnologiyalar Parkı” arasında işgüzar münasibətlərin yaradılması və fermerlər üçün istixana konstruksiyalarının, damla, yağışyağdırma və çiləmə üsulu ilə müasir suvarma avadanlıqlarının istehsalı və quraşdırılması həyata keçiriləcək.

Bununla yanaşı, aqropark kiçik fərdi istehsalçı səviyyəsindən geniş miqyaslı aqrar sənaye istehsalına keçidin və xarici bazarlara sabit və etibarlı çıxışın təmin edilməsinə şərait yaradacaq, innovativ texnologiyaların, həmçinin vahid standartların tətbiqi və son məhsulda davamlı keyfiyyətin əldə edilməsini şərtləndirəcək.

Respublikada ilk dəfə Şəmkir rayonunda 543 hektar ərazidə yaradılacaq aqroparkda müasir istixana kompleksi, şitillik, tinglik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, logistika və aqroservis mərkəzi, soyuducu anbar, satış mərkəzləri, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, otel və müxtəlif infrastruktur müəssisələri inşa olunacaq. Aqroparkda müasir texnologiyaların tətbiqi ilə istehsal, emal, logistika – məhsulları saxlama, çeşidləmə, qablaşdırma, markalama, daşınma, daxili və xarici bazarlarda satış, yaşıl marketlər və fermer mağazaları üzrə fəaliyyətlərin vahid ərazidə cəmləşməsi rəqabətqabiliyyətli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına şərait yaradacaq.

“Şəmkir Aqropark”da yaradılacaq müəssisələrin maliyyələşdirilməsinin böyük hissəsi İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə dövlətin güzəştli kreditləri hesabına həyata keçiriləcək.

Sonra İlham Əliyev mənbəyini Şəmkirçay su anbarından götürən kanala baxıb. Bildirilib ki, uzunluğu 11 kilometr və su nəqli saniyədə 4,5 kubmetr olan kanal aqroparkın yaradılmasında mühüm rol oynayacaq. Saniyədə nəql olunan suyun təqribən 1 kubmetri aqropakda istifadə ediləcək, qalan hissəsi isə regionda fəaliyyət göstərən fermerlərin təsərrüfatlarına veriləcək.

15:40

Bu gün Azərbaycan prezidenti İlham Əliyev su elektrik stansiyası ilə birgə Şəmkirçay su anbarının açılış mərasimində iştirak edib.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə ölkə başçısına Şəmkirçay su anbarının planı, Şəmkirçay magistral suvarma kanallarının sxemi, Şəmkirçay üzərində dəryaçanın tikintisinin əsas göstəriciləri, bəndin baş planı və digər qurğular barədə ətraflı məlumat verib.

İlham Əliyevə Azərbaycandakı mövcud su anbarlarının xəritəsi nümayiş etdirilib.

Ölkə başçısı su elektrik stansiyası ilə birgə Şəmkirçay su anbarının işə salıb

Daha sonra prezidentə su elektrik stansiyası barədə məlumat verilib. Qeyd edilib ki, stansiyanın gücü 25 meqavat olacaq. Stansiyada ildə 56 mln. kilovat elektrik enerjisinin istehsalı nəzərdə tutulur.

Dövlət başçısına Şəmkirçay su anbarı, əsas hidrotexniki qurğular, o cümlədən magistral kanallar barədə məlumat verilib. Zəngin təbiəti ilə seçilən bu ərazidə 2008-ci ildən bəri peşəkarcasına və beynəlxalq standartlara uyğun olaraq böyük həcmdə iş aparılıb.

Gil nüvəli mərkəzi bəndin daha möhkəm və etibarlı olması üçün daş-qaya materialından istifadə edilib. Şəmkirçay su anbarının ümumi su tutumu 164,5 mln. kubmetr, faydalı həcmi isə 156,3 mln. kubmetrdir. Şəmkirçay su anbarı bəndinin nüvə hissəsindən hündürlüyü 196 metrdir. Layihəyə əsasən orta illik su ehtiyatı 265,2 mln. kubmetr olan Şəmkirçay çayının sularını bu anbarda nizamlamaqla ildə 207,9 mln. kubmetr sudan istifadə olunacaq. Layihəyə uyğun olaraq su anbarında nəqledici, qəza sutullayıcı və təzyiqli enerji tunelləri tikilib.
 
Şəmkirçay su anbarından Gəncə və Şəmkir şəhərlərinə, Samux rayonunun Nəbiağalı qəsəbəsinə saniyədə 1,6 kubmetr su verməklə əhalinin içməli su təchizatı yaxşılaşdırılacaq. Layihənin əhatə etdiyi ərazidə ekoloji vəziyyət əsaslı şəkildə yaxşılaşacaq.

Sonra dövlətimizin başçısı mərasim iştirakçıları ilə görüşüb.

Prezident bildirib ki, bu nəhəng infrastruktur layihəsi ölkə iqtisadiyyatına mühüm töhfədir. “Bu layihənin icrası nəticəsində suvarılan torpaqların sahəsi daha da artacaq”, – deyən dövlətimizin başçısı Şəmkirçay və Taxtakörpü su anbarı layihələrinin Azərbaycanın iqtisadi qüdrətinin əyani nümunəsinə çevrildiyini diqqətə çatdırıb. İlham Əliyev dövlət vəsaiti hesabına həyata keçirilən bu layihələrin Azərbaycanda qeyri-neft sektorunun, kənd təsərrüfatının və sahibkarlığın daha da inkişafına hərtərəfli dəstək olacağını deyib, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edildiyini bildirib. Dövlətimizin başçısı enerji təhlükəsizliyinin təmin edildiyi Azərbaycanda enerji güclərinin artırılması istiqamətində tədbirlər görüldüyünü və yeni su elektrik stansiyalarının inşa olunduğunu vurğulayıb.

Prezident deyib ki, ölkəmizdə aparılan islahatlar nəticəsində Azərbaycan dünyada böyük nüfuz qazanıb və gələcəkdə belə layihələrin icrası davam etdiriləcək.

13:03

Noyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Şəmkir rayonuna səfərə gəlib.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoydu.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov abidənin ətrafında görülən abadlıq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi.

 

/Oxu.az/