“Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir”…
“Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir”.
Azərbaycan üçün ən vacib problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində biz İranın dəstəyini həmişə hiss edirik. İranın mövqeyi beynəlxalq hüquqa və ədalətə söykənir.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə mətbuata birgə bəyanatında belə deyib.
Ölkə başçısı qeyd edib ki, münaqişə uzun illərdir ki, öz həllini tapmır:
“Azərbaycanın tarixi, əzəli torpağı Dağlıq Qarabağ və yeddi ətraf rayonu erməni silahlı qüvvələrinin işğalı altındadır. Beynəlxalq hüquq normaları kobudcasına pozulur. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası – dünyanın ən ali orqanı dörd qətnamə qəbul edib ki, o qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması tələb olunur. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymur. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb, tarixi abidələrimiz dağıdılıb. Əcdadlarımızın qəbirləri, məscidlərimiz erməni quldur dəstələri tərəfindən dağıdılıb”.
İ.Əliyev qeyd edib ki, ATƏT-in faktaraşdırıcı missiyaları işğal edilmiş torpaqlara iki dəfə səfər edib və öz məruzələrində bunu təsdiqləyib:
“Münaqişə nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün həyatı yaşayır. Torpaqlarımızın 20 faizi işğal altındadır. Bizə qarşı etnik təmizləmə siyasəti aparılıb. Ermənilər azərbaycanlılara qarşı Xocalı soyqırımını törədiblər. Münaqişənin ərazi bölüvlüyü çərçivəsində həll edilməsi əlbəttə ki, bölgəyə sülh gətirəcək. Bu münaqişənin başqa həll yolu yoxdur. Ədalət, beynəlxalq hüquq bərpa edilməlidir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir”.
Azərbaycan Prezidenti həmçinin ölkəmizin İranla əlaqələrindən də danışıb:
“Biz üzv olduğumuz beynəlxalq təşkilatlarda bir-birimizi daim dəstəkləyirik və bütün məsələlərdə bir-birimizin yanındayıq. Bizim birliyimiz ölkələrimizin və bölgənin gələcəyi üçün lazımdır”.
Azərbaycan prezidenti qeyd edib ki, İran-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir:
“Bu gün imzalanan sənədlər, aparılan fikir mübadiləsi, sabah keçiriləcək biznes forum əlbəttə ki, əlaqələrimizin inkişafına xidmət göstərəcək. Bizim əlaqələrimizin təməlində xalqlarımızın dostluğu, qardaşlığı dayanır. Əsrlər boyu bizim xalqlarımız bir-biri ilə sıx əlaqədə olub, bir yerdə yaşayıb, yaradıblar. Bu, möhkəm təməldir. Bu təməl üzərində ikitərəfli dövlətlərarası əlaqələr qurulur.
Mütəmadi təmaslarımız, yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərləri, beynəlxalq təşkilatlarda bir-birimizə göstərilən dəstək siyasi əlaqələrimizin yüksək səviyyədə olmasını əyani şəkildə sübut edir. Biz üzv olduğumuz beynəlxalq təşkilatlarda bir-birimizi daim dəstəkləyirik və bütün məsələlərdə bir-birimizin yanındayıq. Ölkələrimiz üçün ən vacib və həssas məsələlərdə də biz qarşılıqlı dəstək göstəririk. BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər təşkilatlarda biz həmişə bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik”.
İ.Əliyev iqtisadi sahədə gözəl imkanların olduğunu vurğulayıb:
“Hökumətlərarası birgə komissiya fəal işləyir. Biz bu gün energetika sahəsində əməkdaşlığı müzakirə etdik. Neft-qaz, elektrik enerjisi, qaz mübadiləsi sahələrində çox böyük imkanlar var. Artıq bir neçə layihə icra edilib. Yeni layihələrin icra edilməsi də gözlənilir. Eyni zamanda, biz bu gün nəqliyyatla bağlı məsələləri geniş müzakirə etdik. Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması hər iki tərəfin marağındadır. Biz bu önəmli layihənin həyata keçirilməsində fəal iştirak edirik, öz səylərimizi qoyuruq. Şimal-Cənub nəqliyyat dəhlizi nəinki İran və Azərbaycan, bütün bölgə üçün önəmlidir”.
Ölkə başçısının sözlərinə görə, iki ölkə arasında siyasi, iqtisadi əlaqələr, konkret layihələrin icrası, eyni zamanda, bölgədə sabitliyin möhkəmlənməsinə xidmət göstərəcək:
“Əfsuslar olsun ki, bizim regionda vəziyyət kifayət qədər gərgindir. Qanlı toqquşmalar, müharibələr baş verir, sabitlik pozulur. İran-Azərbaycan dostluğu, tərəfdaşlığı burada bir sabitləşdirici amildir.
Biz sabitləşdirici addımlarla bölgədə sülhü qoruyuruq, müdafiə edirik. Əminəm ki, bizim birgə səylərimiz nəticəsində gələcəkdə bölgədə sabitlik bərpa ediləcək. Çünki sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz, o ölkəyə xarici sərmayə yatırılmaz, ümumiyyətlə, iqtisadi inkişafdan söhbət gedə bilməz”.
İ.Əliyev qeyd edib ki, Azərbaycan və İran regional əməkdaşlığa da töhfələrini verirlər:
“Həştərxan şəhərində keçirilmiş Xəzər zirvəsi də çox uğurlu zirvə idi, gözəl nəticələr olmuşdur, vacib qərarlar qəbul edilmişdir. Biz konkret layihələr üzərində işləyirik. İnfrastruktur layihələrinin icrası, bank sektorundakı əməkdaşlıq və digər layihələr nəzərdən keçirilir. Sabah keçiriləcək biznes forum isə iş adamlarını bir yerə yığacaq.
Buna da çox böyük ehtiyac var. Çünki iş adamları görürlər ki, harada siyasi əlaqələr yüksək səviyyədədir, onlar o ölkələrlə daha da sıx əməkdaşlıq edirlər. Beləliklə, bizim əlaqələrimiz möhkəmdir. İran-Azərbaycan dostluğu sarsılmazdır, heç bir kənar qüvvə bizim aramıza girə bilməz. Bizim birliyimiz ölkələrimizin və bölgənin gələcəyi üçün lazımdır”.